Son yeniləmə: 10 Oktyabr 2022 13:56
Yeganə Hacıyeva: Praqa görüşündə Ermənistanın etibarlı müttəfiq olmadığı növbəti dəfə təsdiqləndi
BAYRAQDAR MEDİA – “Ötən həftə Avropa Siyasi Birliyinin Praqada keçirilən toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirlən görüş Azərbaycan üçün uğurla nəticələndi. Görüşdən sonra qəbul edilən bəyanata görə, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıb. Elə növbəti uğur deyəndə də mən ilk növbədə bunu nəzərdə tuturam”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, bu tanınma haqqında bəyanat məhz Ermənistanın öz yersiz inadından əl çəkməsi kimi dəyərləndirilə bilər: “Çünki Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edən ölkə kimi bütün qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşır. Amma Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Praqada qəbul edilən bəyanat məhz bu baxımdan Azərbaycan üçün uğurlu sayılmalıdır. Bu, postmühairbə dövründə Azərbaycanın diplomatik cəbhədə əldə etdiyi növbəti uğurdur”.
Politoloq qeyd edib ki, bu bəyanat həm də o deməkdir ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır: “Paralel olaraq Praqa görüşündə Ermənistanın etibarlı müttəfiq olmadığı da növbəti dəfə təsdiqləndi. Yəni Praqadakı ortaq bəyanatın vacib bəndi Ermənistanın Azərbaycanla sərhədə Avropa Birliyinin mülki missiyasının göndəriləcəyi ilə bağlıdır. Bəlli olduğu kimi, Ermənistan Baş naziri və Fransa Prezidenti Praqa görüşü zamanı bu komissiyanın hər iki tərəfdə fəaliyyət göstərməsinə dair razılığın əldə edilməsinə cəhd göstəriblər. Lakin Azərbaycan Prezidenti buna razılıq verməyib. Daha dəqiq desək, Azərbaycan sadəcə bu komissiya ilə əməkdaşlığa razılıq verib. Bu isə indi də Avropaya qucaq açan Ermənistanın Rusiyaya münasibətdə, belə demək mümkünsə, etibarsızlığa, bir qədər də dərinə getsək, xəyanətə yol verməsi kimi dəyərləndirilə bilər. İndi daha çox bu suala cavab axtarılır ki, bu missiyanın fəaliyyəti, Ermənistanda olan Rusiyanın 102-ci bazası ilə münasibətləri necə tənzimlənəcək ”.
Y.Hacıyevanın sözlərinə görə, N.Paşinyan bunlara razılıq verməklə digər bir hiyləgər gediş də etmiş olur: “Yəni bununla o, Ermənistan cəmiyyətinə mesaj verir ki, razılaşmanı öz xoşu ilə deyil, dünya birliyinin, Qərbin təzyiqi ilə edir. Bununla da məsuliyyəti öz üzərindən atır. Ümumilikdə isə biz dünənə qədər Rusiyanın forpostu olan Ermənistanın bu gün artıq Qərbin ətəyindən yapışdığının şahidi oluruq. Bu da onunla bağlıdır ki, bu dövlət heç zaman müstəqil şəkildə inkişaf etməyə, addımlar atmağa qadir olmayıb. Görünən odur ki, bundan sonra da olmayacaq”.