Press "Enter" to skip to content

Bu səfər bizim üçün çox faydalı və məhsuldar oldu

Prof. Dr Fuat Erdal

Son yeniləmə: 11 Oktyabr 2022 09:33

Prof. Dr. Fuat Erdal: Bu cür layihələrdə iştirak Anadolu Universiteti üçün hər zaman önəmlidir

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyənin Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdal bir müddət öncə yenidən Azərbaycanda oldu. Onun bu dəfəki səfərində məqsəd Anadolu Universitetinin Azərbaycan Proqramlarının 2022-2023-cü tədris ilinin açılış mərasimində və Bakıda keçirilən “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkasında iştirak etmək idi. Onu da qeyd edək ki, Anadolu Universiteti həmin sərgi-yarmarkanın baş sponsoru idi.

Azərbaycan Proqramlarına böyük önəm verilir

Öncədən də məlumat verdiyimiz kimi, rektor səfərlə bağlı BAYRAQDAR MEDİA-nın suallarını cavablandırıb.

Dünyanın qabaqcıl universitetlərindən biri…

Beləliklə, öncə Bakıya bu səfəri barədə məlumat verən rektor dedi ki, Anadolu Universiteti 40 illik təcrübəsi ilə distant təhsil üzrə təkcə Türkiyənin deyil, dünyanın qabaqcıl universitetlərindən biridir: “Biz 13 ilə yaxındır ki, dünyanın 39 ölkəsində və Azərbaycanda distant təhsil veririk. Anadolu Universiteti təhsilə və tələbələrinə dəyər verən bir təhsil ocağıdır. Bu anlayışla biz bu dəfə Bakıya yeni qeydiyyatdan keçmiş və məzun olmuş tələbələrimizlə görüşmək, həmçinin Universitetimizin əsas sponsorlarından biri olduğu “BYF EduExpo 2022” Təhsil Sərgisində iştirak etmək üçün gəldik”.

Səfərin digər məqamına gəlincə, rektor qeyd etdi ki, təhsil yarmarkaları müxtəlif səviyyələrdə təhsil almaq istəyənlərin, təhsilə sərmayə qoyan təhsil müəssisə və təşkilatlarının bir araya gəldiyi mühüm tədbirdir: “Bu sərgi ilk dəfə keçirilsə də buna böyük tələbat olduğunu gördük. Burada iştirak etmək, tələbələrimizlə görüşmək bizim üçün çox faydalı və məhsuldar oldu”.

Anadolu Universiteti rəqəmsal təhsil texnologiyalarına sərmayə qoyan nadir universitetlərdən biridir

Rektor bildirdi ki, Anadolu Universiteti rəqəmsal təhsil texnologiyalarına resurs ayıran və sərmayə qoyan nadir universitetlərdən biridir: “Universitetimiz bu sahədə böyük AR-GE şöbəsinə malikdir. Çünki bizim əsas məqsədimiz açıq və distant təhsildə tələbələrimizə formal təhsildə olduğu kimi eyni standart və keyfiyyətdə təhsil verməkdir. Tələbələrə və universitetə fayda verəcək layihələrdə iştirak bizim üçün hər zaman önəmlidir”.

Azərbaycanlı gənclər üçün daha bir yenilik

Distant təhsil alan azərbaycanlı gənclərlə bağlı yeniliklərə gəlincə, müsahibimiz dedi: “64 illik təcrübəyə malik olan Anadolu Universiteti aspirantura və bakalavr proqramları ilə yanaşı, magistratura və doktorantura proqramları üzrə də Türkiyənin qabaqcıl təhsil qurumlarından biridir. Biz eyni zamanda distant təhsil üzrə magistr proqramlarımızla, xüsusilə xaricdə təhsil alan tələbələrimizə dəstək olmaq istərdik. Əvvəlki illərdə Lefkoşa və Köln şəhərciklərimizdə magistr proqramlarımız var idi. Azərbaycanlı məzunlarımızdan bu istiqamətdə tələbat var. Bu məsələ ilə bağlı fəaliyyətimiz davam edir”.

ATİB-lə əməkdaşlıq azərbaycanlı məzunlar üçün də böyük imkanlar yaradır

“Bəs univeristetin azərbaycanlı məzunlarına gələcəkdə iş tapmaq məsələsində də hər hansı dəstək göstərəcəksinizmi” sualına gəlincə, rektor bildirdi ki, ali təhsilin ən mühüm məqsədlərindən biri də tələbələri peşələrinə və iş həyatına hazırlamaqdır: “Bu səbəbdən də tədris proqramlarımızı mümkün qədər yeniləyir, zaman-zaman tələbələrimizi iş dünyası ilə görüşdürəcək fəaliyyətlər təşkil edirik. Məlum olduğu kimi, Azərbaycan ofisimizdə tərəfdaşımız ATİB-dir. Biz illərdir buradakı iş adamları ilə həmahəng işləyirik. Bu əməkdaşlıq həm də azərbaycanlı məzunlar üçün böyük imkanlar yaradır. ATİB tələbələrimizə həm təcrübə imkanlarında, həm də məzun olduqdan sonra iş tapmaqda dəstək olur. Bu səbəbdən ATİB rəhbərliyinə və üzvlərinə minnətdarıq”.

Rektor Prof. Dr Fuat Erdal (sağda) və Nadir Azəri
Rektor Prof. Dr. Fuat Erdal (sağda) və Nadir Azəri
Mission News Theme by Compete Themes.