Günay Əfəndiyeva: Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır
BAYRAQDAR MEDİA – “Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır”.
Bu fikri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva VIII Beynəlxalq Kitab Sərgisində deyib.
Fonddan BAYRAQDAR MEDİA-ya verilən məlumat görə, G.Əfəndiyev bildirib ki, Bakı növbəti dəfə Beynəlxalq Kitab Sərgisinə ev sahibliyi edir: “Beynəlxalq Kitab Sərgisi həm müəlliflər: şairlər, yazıçılar və ədəbiyyatşünaslar, həm də oxucular üçün əsl kitab bayramıdır. İlk növbədə, qələm sahibləri öz dəyərli oxucuları ilə bir araya gəlir, kitablarını onlara təqdim edirlər. Digər tərəfdən isə sərgi çərçivəsində oxucular sevimli qəhrəmanları və onların müəllifləri ilə görüşmək, həmçinin fərqli ölkələrin nəşrləri ilə tanış olmaq fürsəti əldə edirlər. Və bu nədir? Bu bir ünsiyyətdir”.
Qeyd edilib ki, belə bir platformanın yaradılması şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual inkişafında, eyni zamanda xalqların və millətlərin öz milli kimliyini dərk etməsində müstəsna əhəmiyyətə malikdir: “Bu proseslərdə kitabların rolu əvəzsizdir. Mənim üçün çox xoşdur ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu il yenidən VIII Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdə və dillərdə çap olunan nəşrlərini nümayiş etdirir. Bizim məqsədimiz birdir. Türk Dünyasının zəngin irsini dünyaya çatdırmaq, eləcə də Türk xalqlarını bir araya gətirmək və daha da yaxınlaşdırmaq”.