BAYRAQDAR MEDİA – Mədəniyyət naziri Anar Kərimov Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir A.Kərimov Türkiyənin sərgidə geniş tərkibdə, həm də “fəxri qonaq ölkə” kimi iştirakından məmnunluğunu bildirib: “Nazir bu kimi tədbirlərin iki ölkənin qardaşlıq, dostluq bağlarının daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə töhfə verəcəyini vurğulayıb. TÜRKSOY-un 2023-cü ildə Azərbaycanın Şuşa şəhərini “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan etməsinin xalqımıza böyük qürur hissi yaşatdığını söyləyən A.Kərimov türk dünyasının zənginliyini göstərmək üçün bu kimi birgə layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib”.
A.Kərimov həmçinin, Nazirliyin mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun dəstək göstərməsinin əhəmiyyətini diqqətə çatdırıb.
S.Çam sərgidə Bakı Beynəlxalq Kitab Sərgisində iştirakından böyük məmnunluq duyduğunu bildirib, yüksək təşkilatçılığa görə nazirə təşəkkür edib: “S.Çam Türkiyənin bu sərgidə “fəxri qonaq ölkə” kimi iştirakının iki ölkə arasındakı münasibətlərin davamlı inkişafından xəbər verdiyini söyləyib, bu kimi layihələrin beynəlxalq səviyyədə daha geniş şəkildə təqdim edilməsinə ümidvar olduğunu bildirib. Görüşdə gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb”.
Sonda Anar Kərimov 2022-ci ildə Şuşanın 270 illiyi münasibətilə nazirlik tərəfindən təsis olunan “Xatirə nişanı”nı Serdar Çama təqdim edib.