Son yeniləmə: 5 Oktyabr 2022 15:46
Mehmet Metiner: Çünki iqtidara gələcəkləri halda da bir-biriləri ilə mübarizə aparıb, ölkəyə zərər verəcəklər
BAYRAQDAR MEDİA – “Bir müddət öncə Türkiyə seçicilərinin iqtisadi çətinliklərdən qaynaqlanan haqlı bir reaksiyası vardı. Bu narazılıq heç də Cümhurbaşqanı Recep Tayyip Erdoğana qarşı barışmaz mövqedə dayananların toplaşdığı cəbhənin fəallığı, yaxud onların hansısa bir hökumət formulunu ortaya qoyması ilə bağlı deyildi. Zatən onlar bu günə kimi ortaya hansısa bir formula qoya da bilməyiblər. Çünki bu cəbhədə birləşənlərin sonuna qədər bir yerdə olmayacaqları hər kəsə bəllidir”.
Bunu qardaş Türkiyədə keçiriləcək növbəti seçkilər ərəfəsində müxalifətin mövcud durumunu dəyərləndirən AK Partinin 24, 25 və 26-cı dönəm millət vəkili, siyasət yazarı Mehmet Metiner deyib.
Məlum cəbhənin təqdim edə biləcəyi hər hansı proqramı yoxdur
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, bildirib ki, bir müddət öncə mövcud olan bəzi iqtisadi çətinliklər artıq Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə reallaşdırılan proqramlar sayəsində aradan qalxır: “Hökumətin atdığı addımlarla Türkiyə vətəndaşlarının iqtisadi problemləri həll edilməyə başlandı. Artıq seçicilər R.T. Erdoğana barışmaz mövqedə yanaşanların toplaşdığı cəbhənin ölkə və xalq üçün hansı proqramı ortaya qoyduğunu sorğulamağa başlayıb. Təbii ki, vətəndaşlarımız bu suala cavab ala bilmir. Çünki dediyim kimi, məlum cəbhənin təqdim edə biləcəyi hər hansı proqramı yoxdur. Bunlar ancaq bir məsələyə fokuslanıblar. Nə olursa-olsun, R.T.Erdoğanın növbəti dəfə Cümhurbaşqanı seçilməsinə mane olsunlar. Yəni vətəndaşlar, seçicilər “sadəcə Recep Tayyip Erdoğanı devirək, sonrasına ondan sonra baxarıq” təfəkkürü ilə hərəkət edən müxalif cəbhənin, əslində, ölkəyə böyük bir pislik, problem yaradacağını görməyə başladılar”.
“Xalq gördü ki, bu “Millet İttifakı”, yaxud “altılı masa”da cəm olanlar nəinki hökumət proqramına, hətta ən kiçik problemin həllinə hesablanmış vahid bir təklifə belə malik deyillər. Bu isə xalqda haqlı narahatlıq yaradır. Çünki bunlar hakimiyyətə gələcəkləri təqdirə hökuməti necə idarə edəcəklərini, hansı sosial, iqtisadi islahatlar həyata keçirəcəklərini bəlli edə bilməyiblər. Beləliklə, Türkiyə üçün tək alternativ çözümün Recep Tayyip Erdoğan olduğu bir daha təsdiqləndi”, – deyə müsahibimiz əlavə edib.
Onlar bir-birilərinin quyusunu qazmağa çalışırlar
Onun sözlərinə görə, müxalifət cəbhəsindəkilər nəinki ortaya hər hansı proqram qoya, hətta öz aralarında ortaq bir məxrəcə də gələ bilmirlər: “Bəlli olduğu kimi, “Millet İttifakı”na daxil olan partiyalar öz aralarında bütün məsələlərdə razılığa gələ bilməyiblər. Onlar bir-birilərinin quyusunu qazmağa çalışırlar. Dolayısı ilə iqtidara gələcəkləri halda da bir-biriləri ilə mübarizə aparıb, ölkəyə zərər verəcəklər. Türk seçicisi də bunu bilir. Ona görə də vətəndaşlar seçkilərdə onlara səs verməyəcək. 2023-cü ildə türk seçicilərinin birmənalı olaraq Recep Tayyip Erdoğana səs verəcəyinə şübhə etmirəm”.