Press "Enter" to skip to content

İlham Əliyev BMT rəsmisini qəbul edib

Qəbuldan görüntü

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Dövlət başçısı sözügedən Proqramla Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu bildirib: “Bu ilin martında xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində əldə edilən irəliləyişləri müsbət qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd etdi”.

M.M.Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırıb: “Azərbaycanla Məskunlaşma Proqramı arasında əməkdaşlığın hərtərəfli qaydada inkişaf etdiyini vurğulayan Maimuna Mohd Şərif Prezident İlham Əliyevin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı çıxışını məmnunluqla xatırladı, UN-HABITAT-ın Nyu-Yorkda keçirilən toplantısında, həmçinin Katovitsedəki tədbirdə Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirdi. O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə etdi”.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə etdi, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğuladı. O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirdi və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırdı.

“Prezident İlham Əliyev Azərbaycanın UN-HABITAT-la əməkdaşlığı bundan sonra da genişləndirəcəyini və Proqramın fəaliyyətinə dəstək göstərəcəyini bildirdi. Dövlətimizin başçısı Milli Şəhərsalma Forumunun ölkəmizdə illik əsasda keçiriləcəyini qeyd etdi.

“Sonda qonaq Məskunlaşma üzrə ölkə proqramı sənədini – Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyasını dövlətimizin başçısına təqdim etdi”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.