İclasda sədr müavinləri seçilib, NTK-nın 29 sentyabr qərarı təqsdiqlənib və Mətbuat Şurasının komissiyaları formalaşdırılıb
BAYRAQDAR MEDİA – Oktyabrın 4-də Azərbaycan Mətbuat Şurasının (MŞ) yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEİDA-ya qurumdan məlumat verilib.
Bildirilib ki, toplantını giriş sözü ilə MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq Şuranın İdarə Heyətinin Azərbaycan jurnalistlərinin VIII qurultayında seçilmiş üzvlərinə təbriklərini çatdırıb, onlara qarşıdakı fəaliyyətlərində uğurlar arzulayıb.
R.Məcid MŞ-nin media-ictimaiyyət, media-hakimiyyət münasibətlərininn tənzimlənməsindəki rolundan söz açaraq bildirib ki, qurum uzun illər bu missiyasını sabiq sədr, hazırda “Xalq qəzeti”nin baş redaktoru kimi fəaliyyət göstərən İH üzvü Əflatun Amaşovun rəhbərliyi ilə uğurla reallaşdırıb. R.Məcid Şuranı yeni dövrün çağırışlarına uyğun daha dinamik fəaliyyət dövrünün gözlədiyini vurğulayıb, İdarə Heyətinin hər bir üzvünün ümumi işə fayda verəcəyinə əminliyini ifadə edib.
Bundan sonra MŞ-nin strukturları formalaşdırılıb. İH-nin ictimaiyyət təmsilçilərindən olan üzvü Bakı Dövlət Universitetinin dekanı, professor Vüqar Zifəroğlu, jurnalistlərdən olan üzvü ATV prezidentinin müşaviri Səadət Məmmədova MŞ sədrinin müavinləri seçiliblər.
***
R.Məcid MŞ-nin icraçı katibi vəzifəsinə hazırda Şurada monitorinq qrupunun rəhbəri olaraq fəaliyyət göstərən Əvəz Rüstəmovun namizədliyini irəli sürüb. Təklif İH üzvləri tərəfindən məqbul qiymətləndirilib.
***
İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının 29 sentyabr 2022-ci il tarixli toplantısının qərarı təsdiqlənib. Qərara əsasən “Qazilər.az” saytının baş redaktoru Rey Kərimoğlu NTK-nın sədri, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri Nadir Azəri isə qurumun katibi olaraq müəyyənləşib.
***
Gündəlikdəki ikinci məsələ MŞ-nin komissiyalarının tərkibinin müəyyənləşdirilməsi olub. Əvvəlcə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib. Sədr MŞ-nin sədr müavini Vüqar Zifəroğlu olmaqla İH üzvlərindən “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrətin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərlinin, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadənin Komissiyada təmsilçilikləri təsdiqlənib.
R.Məcid məlumat verib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-də yeni Etika Komissiyası yaradıldı. Bu qurumun başlıca missiyası ümumən informasiya məkanımızda etik prinsiplərin qorunması ilə bağlı tendensiyaları izləməkdən, mövcud istiqamətdə müzakirələrin təşkilindən ibarət olacaqdır. Komissiyanın fəaliyyətinə media müstəvisindəki neqativ təmayüllərə operativ reaksiya vermək də daxildir. İclasda İH üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin Etika Komissiyasına sədrliyi üzərində dayanılıb. Sədr Qulu Məhərrəmli olmaqla İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin qurumun tərkibində təmsil olunmaları məqbul qiymətləndirilib.
MŞ-nin Beynəlxalq əlaqələr Komissiyasının tərkibinə gəldikdə isə İdarə Heyətinin üzvü Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin komissiyaya sədrliyi məqbul qiymətləndirilib. Komissiyanın tərkibinə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı, “Technote” Media Şirkətinin rəhbəri Fərid Pərdəşünas və Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva daxil ediliblər.
MŞ sədri R.Məcid Şuranın Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının da mühüm praktik əhəmiyyət daşıdığını vurğulayıb. O, komissiyanın tərkibində Baş Prokurorluğun, Daxili İşlər, Ədliyyə Nazirliklərinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının təmsil olunduqlarını diqqətə çatdırıb. Müzakirələrdən sonra İH üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin komissiyaya sədrliyi təsdiqlənib.
***
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunmasına dair Sərəncamı ətrafında fikir mübadiləsi aparılıb. Bununla bağlı MŞ tərəfindən müvafiq tədbirlər planının hazırlanması təklif olunub.
***
İdarə Heyəti Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun mətnini də müzakirəyə çıxarıb. Bununla əlaqədar İH üzvü M.Ələsgərli təqdimat edib. O deyib ki, memorandum layihəsində media savadlılığının, jurnalistlərin peşəkarlığının artırılmasına dəstək göstərmək, jurnalistlərin informasiya almaq hüququnun gücləndirilməsi imkanlarını artırmaq məqsədilə müştərək layihələr hazırlayıb icra etmək, habelə mediada dərc olunan və ya yayımlanan informasiyalara dair hüquqi tələblərin, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın tətbiqi imkanlarını yaxşılaşdırmaq üçün birgə maarifləndirci tədbirlər reallaşdırmaq və sair məsələlər əksini tapıb, digər təkliflər də nəzərdən keçiriləcəkdir.
***
Toplantıda həmçinin Azərbaycan Mətbuat Şurasının 2022-ci ilin oktyabr-dekabr ayları üzrə İş planı ilə bağlı müzakirələr aparılıb. Bu xüsusda media ekspertləri,fəal sosial şəbəkə istifadəçiləri, sosial şəbəkələrdəki populyar səhifə istifadəçiləri, internet platforma yayıcıları,jurnalist təşkilatlarının təmsilçiləri, MŞ-nin üzvü olmayan internet informasiya subyektləri ilə görüşlərin təşkili təklif olunub. Eyni zamanda 8 noyabr Zəfər Gününədək MŞ İdarə Heyətinin üzvlərinin qazilərlə, Vətən Müharibəsi iştirakçıları olan jurnalistlərlə, şəhid valideynləri ilə görüşlərinin reallaşdırılması məqsədəuyğun sayılıb. İclasda həmçinin MŞ-nin texnoloji imkanların jurnalist fəaliyyətinə təsir formaları, kiber təhlükəsizlik və peşə prinsipləri mövzusunda media təmsilçiləri üçün təlim təşkil etməsi ilə bağlı fikir mübadiləsi də aparılıb. Görüləcək bütün işlərlə əlaqədar konkret qrafik müəyyənləşdirilib, iş bölgüsü aparılıb, icraya məsul şəxslər müəyyənləşdirilib.
***
Cari məsələlərlə bağlı müzakirələrdə MŞ sədrinin müavini Səadət Məmmədova, İH üzvlərindən Umud Rəhimoğlu, Elçin Mirzəbəyli, Aqil Ələsgər, Yadigar Məmmədli, Ceyhun Musaoğlu və Azər Həsrət təkliflərini veriblər. Təkliflər Mətbuat Şurasının fəaliyyətinin səmərəliləşdirilməsi ilə bağlı olub. Mövcud istiqamətdə geniş fikir mübadiləsi aparılıb.