Press "Enter" to skip to content

İsrail müdafiə naziri Bakıya gəldi, geniş görüşlər keçirdi – VİDEO

İsrail müdafiə naziri Prezident İlham Əliyevin qəbulunda

BAYRAQDAR MEDİA – Oktyabrın 3-də Prezident İlham Əliyev Bakıda səfərdə olan İsrailin müdafiə naziri Benyamin Gantzı qəbul edib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Qeyd edilir ki, “görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparılıb”.

Eyni gündə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da B.Gantzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu xəbəri isə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən veriblər.

Benyamin Gantz və Zakir Həsənov
Benyamin Gantz və Zakir Həsənov

“Görüşdən əvvəl İsrail nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

“Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.

“İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb”, – deyə MN-in xəbərində bildirilir.

Qonaqları salamlayan Z.Həsənov iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

“Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Gantz isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

“Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.” Xəbərdə belə deyilir.

İsrailli nazir öz sosial media hesabında hər iki görüş haqqında xoş təəssüratlarını paylaşıb. Paylaşımdan bəlli olur ki, o, həm də Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevlə də görüşüb. Xəbərimiz dərc edilən anda DSX bu haqda xəbər yaymamışdı.

Mission News Theme by Compete Themes.