BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 296 nəfər sənəd verib.
BŞTİ-nin mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya bildirilib ki, hazırda qurum tərəfindən namizədlərin sənədlərinin yoxlanılması prosesi həyata keçirilir: “ Proses başa çatdıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərə qeydiyyatdan keçdikləri əlaqə telefonlarına sms bildiriş göndəriləcək. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar”.
Qeyd edək ki, elm və təhsil nazirinin müvafiq əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilib. Həmin sənədə əsasən, müəssisələrdə vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.