Press "Enter" to skip to content

Azərbaycanda yəhudi düşmənliyi görüntüsü yaradılır

Azər Həsrət

Son yeniləmə: 3 Oktyabr 2022 18:37

BAYRAQDAR MEDİA – Azərbaycanda olmadıq yerdə yəhudi düşmənliyi görüntüsü yaradılır. Özü də məqsədli şəkildə. Həm də maraqlısı odur ki, İranın içimizə yeritdiyi agentləri bunu elə edirlər ki, hətta özünə yəhudi deyən biri də çıxıb onlar kimi davranır.

Sosial mediadan izləyirəm. Nəsimi Abilov adlı bir nəfər var. Azərbaycan Yəhudi Media Mərkəzi adlı bir quruma başçılıq edir. Paylaşımları Azərbaycan üçündür, vətənpərvərlik məsələlərində də fəaldır. Amma ikidə bir nəsə bir bəhanə tapıb Azərbaycanda yəhudilərin məhz yəhudi olduqları üçün sıxışdırıldığı, hüquqlarının pozulduğu görüntüsü yaradır.

Əvvəllər də bu şəxslə bu yöndə sosial media üzərindən fikir mübadiləsi aparıb yanlış yolda olduğunu, bu yolla vətəndaşı olduğu Azərbaycana zərər vurduğunu demişəm. Amma anlaşılan budur ki, adam tutduğunu buraxmaq fikrində deyil.

Konkret olaraq iki gün öncə günümün bir hissəsini buna cavab vermək məcburiyyətində qaldım. Dediyinə görə, haradasa yaşlı bir yəhudi qadının evinə kimsə girib, ona xəsarət yetirib, ardından da bütün yəhudiləri təhqir edib. İndi bu Nəsimi də iddia edir ki, Azərbaycanda yəhudi düşmənliyi baş alıb gedir.

Bu adama izah etməyə çalışdım ki, özəlliklə də İran və Ermənistan Azərbaycanı belə bir məsələdə gözdən salmaq istəyir. Təbii ki, içimizə yeridilmiş N qədər agent var ki, onlar bu işdə İranın və Ermənistanın bu istəyini gerçəkləşdirir. İndi əgər hansısa bir məişət hadisəsi (lap elə cinayət olsun) zamanı kimsə yəhudiləri söyübsə, bu o demək deyil ki, Azərbaycan xalqının və dövlətinin yəhudi düşmənliyi var. Yəhudiləri kimsə nümayişkaranə söyürsə, təxribatın olması şübhəsizdir və buna görə də hüquq mühafizə orqanlarına müraciət etmək lazımdır.

Amma bu adam nə edir? Bütün dünyaya məhz belə təqdimat edir ki, bir yaşlı qadın məhz yəhudi olduğu üçün basqıya, təhqirə məruz qalıb.

Yeri gəlmişkən, bu adamı maarifləndirməyə çalışdığım vaxt – oktyabrın 2-də axşam 050 200-lə başlayan bir nömrədən zəng gəldi. Gec idi, üstəlik də nömrə tanış deyildi deyə cavab vermədim. Amma əl çəkmədi və cavab verdim. Bir qadın idi. Rus dilində danışmağa başladı. Azacıq dinləyib cavab verdim ki, sizin danışdığınız dili bilmirəm, mənim dilimdə danışın. Yenə də rusca qayıtdı ki, “heç bilmirsiniz”? Cavab verdim ki, “bilməyə borclu da deyiləm”. Ardından da qayıdıb azərbaycan dilində təmiz, səlis danışmağa başladı. Və adını deməsə də bildirdi ki, 70 yaşı var, yəhudidir, İsrail vətəndaşıdır, Yevlaxda kimsə onun torpağını əlindən alıb. Sonra da iddia etdi ki, məhz bu, Azərbaycanda yəhudi düşmənliyi olmasından xəbər verir. Soruşanda ki, “niyə mənə zəng edirsiniz, məsələnin mənə nə dəxli var”, cavabı bu oldu ki, siz Facebook-da yazırsınız ki, Azərbaycanda yəhudi düşmənliyi yoxdur. Məni dinləmədən də telefonu qapatdı…

O xanım Yevlax deyincə, yadıma bir başqa əhvalat da düşdü. Aylar öncə idi, yenə də Nəsimi Abilov iddia edirdi ki, Yevlaxda yəhudi iş adamını məhz yəhudi olduğu üçün incidirlər. Məsələni Yevlaxın deputatı, hörmətli İlham Məmmədova bildirdim. İş adamının adını da öyrənib dedim. Sağ olsun, çox qısa müddətə müvafiq qurumlarla danışdı, o yəhudi olduğu iddia edilən adamı da tanıdığını dedi. Bəlli oldu ki, bu adam özünü yəhudi kimi təqdim edərək nəsə imtiyaz əldə etmək istəyir. İcra hakimiyyəti də ona Azərbaycan qanunlarını göstərib hamının qanun qarşısında bərabər olduğunu izah edir. Bu adam da açıq demaqogiyaya gedir və nə sirdirsə bu Nəsimi Abilovun vasitəsilə “yəhudi olduğu üçün basqıya məruz qaldığı” görüntüsünü yaratmağa çalışırmış…

İndi bu Nəsimi kimdirsə, məncə dövlət qurumlarımız onunla maraqlanmalıdır. Belə olmaz axı. Üstəlik də onu yaxşı tanıyanlar bu adamın da özünü yəhudi kimi təqdim etdiyini deyirlər. Hər halda araşdırmaq lazımdır.

Yəhudilərə münasibətə gəlincə, elə onların ən öndə gedənləri həmişə deyiblər ki, Azərbaycan yer üzündə bu qövmün yaşaması üçün ən rahat yerdir. Həqiqətən də Azərbaycanda yəhudi düşmənliyi deyə bir şey yoxdur. Düzdür, az öncə qeyd etdiyim kimi, İran və Ermənistan içimizdəki agentləri vasitəsilə belə bir görüntü yaratmağa çalışır. Amma ölkədə hər kəs bilir ki, bu, alınmır. Çünki millət olaraq bizim yəhudilərə qarşı bir mənfi davranışımız, kinimiz yoxdur. Belə olan halda niyə çıxıb bəzi adamlar yəhudi düşmənliyi varmış kimi görüntü yaratmağa çalışır? Bunun arxasında nə var? Bəlkə burda İran və Ermənistan izləri var? Mümkündür məncə. Adam özünü yəhudi kimi qələmə verir, amma baxırsan ki, tam İran və Ermənistan təbliğatçıları kimi davranır, danışır, yazır. Araşdırılmalıdır…

Və sonda: Milli Məclisin Qubadan seçilmiş deputatı vardı, yəhudi əsilli Yevda Abramov. Haqq dünyasındadır. Məkanı cənnət olsun, yaxşı insan idi. Yəhudi icmasını çox gözəl də təmsil edirdi. Həm də xalq adamı idi, xalqın içində idi. Onun yeri görünür. İndi də MM-də bir yəhudi deputatımız var. Çox adam Yevda müəllimdən fərqli olaraq bu deputatın adını belə bilmir. Səbəbsiz də deyil. Çünki adamın varlığı ilə yoxluğu bilinmir. Yevda müəllim sağlığında belə təxribatçıların qarşısına çıxırdı, onları nəzarətdə saxlayırdı. İndiki deputat bunu edirmi? Ümumiyyətlə o nəsə edirmi? Anlaşılan budur ki, etmir. Və etmədiyi üçün də yerindən duran özünü yəhudi elan edib ardından da Azərbaycanda yəhudi düşmənliyi olduğu görüntüsü yaradaraq İranın və Ermənistanın əlinə oynayır…

Lap sonda: Yazını tamamlarkən dostlar xəbər verdi ki, Nəsimi Abilov “yəhudi düşmənliyi” ilə bağlı paylaşımını Facebook-dan silib. Məsələ bununla bitdimi? Çətin. Çünki onun o paylaşımı heç şübhəsiz bizə qarşı olan mərkəzlərin hesabatlarında artıq öz yerini alıb…

Mission News Theme by Compete Themes.