BAYRAQDAR MEDİA – Azərbaycanda ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda fermerlərin suvarma suyu ilə təminatı istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktaybrın 3-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır: “Bu torpaq sahələri kanallar, çaylar, qara sular və bir qismi də artezian suları ilə suvarılır. Su mənbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır. Su istehlakçılarının keyfiyyətli suvarma suyu ilə təmin etmək məqsədi ilə 2 min metr uzunluğunda torpaq kanal hazırda beton üzlüyə alınır”.
Qeyd edilib ki, yeni beton kanalların çəkilməsi fermerlərin də işini xeyli asanlaşdırır: “Bağ və sahələrin vaxtında suvarılması həm də məhsuldarlığın yüksəldilməsinə təsir edir. Bununla yanaşı, rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək çay məcraları tənzimlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur”.
D.Şərifov onu da deyib ki, Xaçmaz rayonunda sahələri suvarmaq üçün 2 min 180 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə olunur: “Bu kanalların 1 min 790 kilometri torpaq 220 kilometri isə beton məcralıdır. Ötən il rayon ərazisində 3 min metrdən artıq torpaq məcralı kanal beton üzlüyə alınıb”.