Press "Enter" to skip to content

Son 18 ayda 4-cü dəfə

Keçmiş baş nazirlərdən Boyko Borisovun rəhbərlik etdiyi GERB birinci yerdə qərarlaşıb

Son yeniləmə: 3 Oktyabr 2022 16:11

Yaxud Bolqarıstan seçki dalanından xilas ola biləcəkmi?

BAYRAQDAR MEDİA – Xeyli müddətdir seçki dalanına düşən Bolqarıstanda növbəti seçki arxada qalıb. Oktyabrın 2-də seçki məntəqələrinə gedən Bolqarıstan vətəndaşları 240 yerlik parlament üçün səs veriblər.
Məlumat üçün bildirək ki, bu son 18 ayda Bolqarıstanda keçirilən sayca 4-ci parlament seçkiləridir.

Bolqarıstan yenə də seçkiyə gedir

Beləliklə, Mərkəzi Seçki Komissiyası (ZİK) seçki protokollarının 99,4 faizinin hesablanmasına əsasən nəticələri açıqlayıb. Bu nəticələrə görə, seçici fəallığı 37,8 faiz olaraq qalıb.

Məlumata əsasən, keçmiş baş nazirlərdən Boyko Borisovun rəhbərlik etdiyi və 25,37 faiz səs toplayan Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) Partiyası birinci yerdə qərarlaşıb.

Keçmiş baş nazir Kiril Petkovun həmsədr olduğu “Dəyişikliyə davam” (PP) Partiyası 20,21 faiz səslə ikinci yeri tutub.

Seçkilərdə böyük uğur qazanan və üzvlərinin əksəriyyətini türklər təşkil edən Haqq və Azadlıq Hərəkatı (HÖH) Partiyası 13,66 faiz səs toplayaraq ölkənin üçüncü ən böyük siyasi gücü olub. Mustafa Karadayının başçılıq etdiyi partiya xaricdən ümumi səslərin 32,9 faizini alıb və bu seçkidə sərhəddən kənarda ən çox səs toplayan partiya olub.

Rusiyayönlü, Avropa İttifaqı və NATO əleyhinə olan populist Yenidən Doğuş Partiyası 10,17 faiz səslə dördüncü, yenə də Rusiyayönlü və keçmiş kommunist partiyasının xətti ilə siyasət aparan Bolqarıstan Sosialist Partiyası (BSP) 9,32 faiz səslə beşinci sırada qərarlaşıb.

Şəhərli sağçı qüvvələrin dəstəklədiyi Demokratik Bolqarıstan (DB) Partiyası 7,46 faiz səslə parlamentdə altıncı sırada dayanıb. Bu partiyanın parlament formalaşana PP ilə koalisiyaya girəcəyi və birgə qrup yaratacağı gözlənilir.

Keçmiş müdafiə naziri Stefan Yanevin rəhbərlik etdiyi Rusiyayönlü Bolqarıstanın Yüksəlişi (BV) Partiyası isə 4,64 faiz səslə parlamentdə yeddinci partiyası olub.

Seçkilərin yekun nəticələrinin açıqlanmasından sonra Prezident Rumen Radevin fərmanı ilə ölkənin 48-ci parlamentinin ilk iclası çağırılacaq.

Konstitusiyaya görə, prezident hökuməti qurmaq səlahiyyətini əvvəlcə iki ən böyük siyasi gücə, əgər onlar hökuməti qura bilməsələr o zaman üçüncü partiyaya verəcək.

Ölkədə formalaşacaq yeni hökumət kabineti ən azı 121 deputatın dəstəyi ilə etimad səsi almalıdır.

Mission News Theme by Compete Themes.