Press "Enter" to skip to content

Nazirlik rəsmisi əmin edir – BAL YARMARKASI

Vüqar Hüseynov

Son yeniləmə: 3 Oktyabr 2022 13:29

Vüqar Hüseynov: Vətəndaşlar əmin olsunlar ki, yarmarkaya ən yüksək keyfiyyəti olan məhsullar çıxarılıb

BAYRAQDAR MEDİA – “Bu il keçirilən bal yarmarkasının əvvəlki yarmarkalardan bir neçə fərqi var. Əvvəla Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən bu dəfəki yarmarkada ilk dəfədir ki, Azərbaycanın bütün iqtisadi zonalarından arıçılar öz məhsullarını alıcılara təqdim edirlər. Yəni yarmarkada 14 iqtisadi zonadan məhsul var”.

Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.

İlklərlə zəngin yarmarka

Onun sözlərinə görə, ilk dəfədir ki, Azərbaycanın arıçılıq təsərrüfatları olan bütün rayonlardan arıçılar öz məhsullarını yarmarkaya gətiriblər: “14 iqtisadi zonadan 47 rayonu əhatə edən 250 arıçı yarmarkada iştirak edir. Burada ümumilikdə 120 ton məhsul satışa çıxarılıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəklində olan məhsullardır. İlk dəfədir ki, arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb”.

Məlumat üçün qeyd edək ki, 1 oktyabr tarixindən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Bundan öncə isə qeydiyyatı təsdiqlənmiş arıçıların bal və digər arıçılıq məhsullarının “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarından Sərgi-Satış Yarmarkasının keçiriləcəyi ünvana daşınması prosesi başa çatıb. Qeydiyyatı təsdiqlənmiş arıçılar məhsullarını anbara təhvil veriblər.

Kəlbəcər, Laçın balı almaq istəyən…

V.Hüseynov deyib ki, builki yarmarkanın başqa və ən vacib özəlliklərindən biri də işğaldan azad olunmuş rayonlarla bağlıdır: “Bilirisiniz ki, keçən il Kəlbəcər və Laçın yaylaqlarına pilot layihə olaraq bəzi arıçılıq təsərrüfatlarının köçürülməsi təmin edilmişdi. İlk dəfə keçən il biz Kəlbəcər və Laçın balının yarmarkada satışını təmin etmişdik. Bu il isə Azərbaycanın işğaldan azad olunmuş rayonlarından olan bütün fermerlər öz arıçılıq təsərrüfatlarını həmin azad olunmuş ərazilərdəki yaylaqlara çıxarmaq imkanına malik oldular. Bu baxımdan ümumilikdə 61 mindən çox arı ailəsinin yaylaqlara köçürülməsi təmin edildi. Belə deyək ki, Kürdəmirdə qeydiyyatdan keçən kəlbəcərli, yaxud Ağsuda qeydiyyatdan keçən laçınlı arıçı var və biz onlara bu şəraiti yaratdıq. Onlar yaylaqlara arı ailələrini apardılar və hazırda da məhsullarını yarmarkaya çıxarıblar. Yəni arıçılıq məhsullarının yarmarkasına ilk dəfə olaraq Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından olan fermerlər öz məhsullarını satışa çıxarıblar”.

“Bəs arıçılıq məhsullarının keyfiyyəti ilə bağlı təminat baxımından nə deyə bilərsiniz” sualına gəlincə, V.Hüseynov öncə onu bildirib ki, yarmarkada satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb: “Vətəndaşlar əmin olsunlar ki, göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Yarmarkaya ən yüksək keyfiyyəti olan məhsullar çıxarılıb”.

Alverçilərin yarmarkada arıçı kimi iştirakı qəti şəkildə mümkün deyil

O ki, qaldı yarmarkaya alverçilərin nüfuz edə bilib-bilməməsinə müsahibimiz bunun da mümkünsüz olduğunu deyib: “Bu qəti şəkildə mümkün deyil. Çünki fermerlərin yarmarkada iştirakı konkret mexanizm üzrə təmin olunub. Xatırladım ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb. Bu il keçirilən yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir”.

Azərbaycanın arıçılıq təsərrüfatları olan bütün rayonlardan arıçılar öz məhsullarını yarmarkaya gətiriblər
Azərbaycanın arıçılıq təsərrüfatları olan bütün rayonlarından arıçılar öz məhsullarını yarmarkaya gətiriblər

Vurğulanıb ki, qeydiyyatdan keçmək üçün də şərtlər var: “Şərtlərdən biri həmin fermerin təsərrüfatının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olması və həmin fermerin dövlətdən subsidiya almasıdır. Bizim nəzərimizdə arıçı anlayışı budur. Eyni zamanda, fermerlərə bu sistemdən qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub.  Bir sözlə, alverçi dediyiniz şəxsin arı təssərüfatı yoxdursa, həmçinin dövlətdən bu təsərrüfata görə hər hansı dəstək almayıbsa, onun burada iştirakı qətiyyən mümkün deyil”.

Yarmarkada eyni məhsullar arasında qiymət fərqinə gəlincə, müsahibimiz deyib ki, düzdür, yarmarkada müxtəlif qiymətlərə bal təklif olunur: “Fermer burada balın istehsalının maya dəyərini nəzərə alır, özünün marjasını qoyub satır. Qiymət siyasətinə Nazirlik qarışmır. “Bal bu qiymətdən baha satıla bilməz” mexanizmi yoxdur. Həm də bazar iqtisadiyyatıdır. Məhsulu istehsal edən qiyməti özü müəyyənləşdirir”.

Bildirilib ki, adətən fermerlər yarmarkanın əvvəlində məhsullarını daha yüksək qiymətə təklif edirlər: “Lakin son həftələrdə artıq görürlər ki, məhsulu sata bilmirlər, qiymətləri aşağı salırlar. Yekun nəticədə isə məhsulun orta bazar qiyməti formalaşır. Yəni demək istədiyim odur ki, alıcılıq qabiliyyəti var. Deyək ki, bir fermer çox yüksək qiymətə arıçılıq məhsulu satır. Amma vətəndaş görür ki, yarmarkada eyni məhsulu daha ucuz qiymətə ala bilər. Ona görə də daha ucuz qiymətə satılan məhsulu alacaq. Kimlər ki, daha yuxarı qiymət müəyyənləşdirir, onlar daha az miqdarda məhsul satır. Təcrübə göstərir ki, aşağı-yuxarı qiymətlər 2-3 gün ərzində sabitləşir”.

Vüqar Hüseynov deyir ki, yarmarkaya çıxarılan arışılıq məhsullaırnın keyfiyyətinə söz ola bilməz
Vüqar Hüseynov deyir ki, yarmarkaya çıxarılan arıçılıq məhsullaırnın keyfiyyətinə söz ola bilməz

Beləliklə, Nazirlik rəsmisi əmin edir ki, yarmarkaya hər hansı keyfiyyətsiz məhsil çıxarılması, yaxud alverçilərin ora müdaxiləsi qətiyyən mümkün deyil. Elə isə vətəndaşlar oktyabrın 20-dək hər gün saat 09:00-dan 19:00-dək yarmarkaya gedə, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.