Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib
BAYRAQDAR MEDİA – Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 3-də Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş, 2022-ci il avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.
Məlumata əsasən, nazir C.Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb: “Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb”.
Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub: “Nazir C.Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb. Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb”.
Nazir C.Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.