Son yeniləmə: 3 Oktyabr 2022 11:22
BAYRAQDAR MEDİA – Oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvləri, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu seçkilər keçirilib.
Məlumata əsasən səsvermə prosesi yerli vaxtla 07:00-da başlayıb və 19:00-dək davam edib.
Ümumilikdə 3 milyon 368 min 666 nəfər səsvermə hüququna malik olduğu seçkilərin nəticəsinə əsasən Bosniya və Herseqovinada seçkilərdə Rəyasət Heyətinin üzvləri ilə yanaşı, iki inzibati vahid – Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasının rəhbərləri, 10 kanton, əyalət səviyyəli hökumət üzvləri, deputatlar müəyyən olunub. Seçkilərdə 90-ı siyasi partiyadan, 17-si müstəqil namizəd və 38-i koalisiya üzvləri olmaqla 145 nəfər namizəd kimi iştirak edib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə seçici fəallığı 50 faiz təşkil edib. İlkin qeyri-rəsmi nəticələrə görə, 11 siyasi partiyadan ibarət müxalifət blokunun birgə namizədi olan Sosial Demokrat Partiyasının sədr müavini Denis Beciroviç səslərin 56 faizini toplayaraq Bosniya və Herseqovina Rəyasət Heyətinin bosniyalı üzvü seçilib. “Demokratik Cəbhə” və “Xalq Birliyi” koalisiyasının namizədi Zeljko Komsic səslərin 70 faizini toplayaraq Rəyasət Heyətinin xorvat əsilli üzvü olub. Sosial Demokratlar İttifaqının namizədi Zeljka Cviyanoviç isə səslərin 60 faizini toplayaraq Rəyasət Heyətinin serb əsilli üzvü seçilib.
Artıq D.Becirovic və Z. Cviyanoviç zəfər çıxışlarını ediblər.
Rəyasət Heyətinin boşnak üzvlüyü yarışında uduzan Demokratik Fəaliyyət Partiyasının (SDA) sədri Bakir İzzetbegoviç də D.Beciroviçin qələbəsini qəbul etdiklərini bildirib. O, 11 partiyaya qarşı uduzduqlarını, amma öz səs faizini itirmədiyini deyib: “SDA hələ də Bosniya və Herseqovinanın ən güclü partiyasıdır. SDA həm 4 il öncə, həm də 8 il öncə keçirilən seçkilərdəkindən daha çox səs aldı.
Bosniya və Herseqovinadaki iki inzibati vahiddən biri olan Serb Respublikasının rəhbərliyi uğrunda mübarizə aparan Milorad Dodikin rəqibi Yelena Triviçə uduzduğu bildirilsə də, sonradan rəqiblər arasında səs fərqinin birincinin xeyrinə olmasına dair məlumatlar yayılıb.
Bu arada Bosniya və Herseqovina Ali Nümayəndəsi Kristian Şmidt seçki gecəsi sürpriz bir addım ataraq seçki qanununu məcburi şəkildə dəyişdiyini açıqlayıb.
Beynəlxalq ictimaiyyət tərəfindən Bosniya və Herseqovinada Dayton Sülh Sazişinin həyata keçirilməsinə nəzarət etmək vəzifəsi təyin edilmiş alman siyasətçi bosniyalı siyasətçilərin razılaşa bilmədiyi seçki qanununa düzəlişlər edib.
[…] Bosniya və Herseqovinada ilkin nəticələr […]