Press "Enter" to skip to content

General: Türk birliyi qarşısıalınmaz bir prosesdir

Dr. Yücel Karauz

Son yeniləmə: 3 Oktyabr 2022 16:15

Dr. Yücel Karauz: Türk birliyi təşkilatlanma mərhələsindən uğurla keçərək yeni bir dövrə qədəm qoyub

BAYRAQDAR MEDİA – “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası 1992-ci ildə atılan toxumun cücərməsi sonucu olaraq İstanbul zirvəsi ilə Türk Dövlətləri Təşkilatına çevrildi”.

Bunu 3 Oktyabr – Türk İşbirliyi Günü ilə bağlı BAYRAQDAR MEİDA-ya açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

O, qeyd edib ki, ötən 30 ilə yaxın müddətdə türk birliyi öncəliklə təşkilatlandı: “Müxtəlif istiqamətlərdə fəaliyyət göstərməyə başladı. Bu fəaliyyətlərin kulminasiya nöqtəsi isə Türk Dövlətləri Təşkilatının elan olunduğu İstanbul zirvəsi oldu. Bu gün türk birliyi təşkilatlanma mərhələsindən uğurla keçərək yeni bir dövrə qədəm qoyub”.

Dr. Yücel Karauz bildirib ki, 13 il öncə Naxçıvanda imzalanan tarixi anlaşma ilə türk birliyi təşkilat formasını güclədirdi: “2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalandı. Bu Sazişdən İstanbul zirvəsinə qədər qət edilən zaman məsafəsində isə türk dövlətləri xeyli səmərəli addımlar atdılar. Məhz o addımların, birlikdə verilən qərarların nəticəsi olaraq Türk Dövlətləri Təşkilatı (TDT) bu gün həm bölgənin, həm də elə dünyanın ehtiyacı olan bir birlik halına gəlib”.

Vurğulanıb ki, hər keçən gün ərzində TDT daha da güclənir və regionda gedən proseslərə təsirini artırır: “İlk başdan daha çox mədəniyyət və turizm istiqamətində ortaq qərarların qəbulu ilə önə çıxan türk birliyi bu gün artıq siyasi, təhlükəsizlik, hərbi və iqtisadi əməkdaşlıqlar məkanına çevrilib. İstanbul bəyannaməsində öz əksini tapan 80-85 maddə içərisində 20-yə yaxın maddənin sırf təhlükəsizlik məsələsini əhatə etməsi heç də təsadüfi deyil. Günümüzün şərtləri bunu aktual edir. Dünyada cərəyan edən proseslər türk dövlətlərinin də birgə təhlükəsizlik sistemi qurması, həmçinin ortaq ordu yaratması zərurətini ortaya çıxarır”.

“Bir sözlə, ötən müddət ərzində əldə edilən uğur onu deməyə əsas verir ki, türk dövlətləri qardaşlıq əlaqələrini daha da gücləndirərək yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri imzalayaraq türk birliyini daha da gücləndirməlidirlər. Təbii ki, Türkiyə-Azərbaycan qardaşlığı, bu qardaşlıqdan doğan Şuşa Bəyannaməsi TDT-nin daha da güclənməsində əsas rol oynayır. Türkiyə-Azərbaycan birliyindən güc alan TDT öz növbəsində Qazaxıstan-Azərbaycan, Azərbaycan-Özbəkistan, Özbəkistan-Türkiyə və s. əməkdaşlıqlarla ötən hər gün daha da güclənir. Bu arada Türkmənistanın da tezliklə TDT-yə tamhüquqlu üzv olacağına dair xəbəri xüsusi vurğulamaqla demək istəyirəm ki, türk birliyi vacib və qarşısıalınmaz bir prosesdir. Bir sözlə, bunu hər kəs qəbul edir ki, birlikdən güc doğar və biz birlikdə güclüyük”, – deyə Dr. Yücel Karauz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.