BAYRAQDAR MEDİA – Azərbaycanın Bağdad müvəqqəti işlər vəkili Nəsir Məmmədov Kərkükdə türkcə təhsil verən ibtidai məktəbin şagirdlərinə çanta və dəftərxana ləvazimatı hədiyyə edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, N.Məmmədov şəhərdə türkcə təhsil verən Füzuli ibtidai məktəbində olub. Son bir ildə ikinci dəfə Kərkük və Füzuli İbtidai məktəbinə gəldiyini bildirən N.Məmmədov buna görə çox xoşbəxt olduğunu söyləyib.
Burada türkcə təhsil alan şagirdlərə dəstək olmaq istədiklərini ifadə edən diplomat, bu çərçivədə yeni qəbul olunan 120 şagirdə çanta və dəftərxana ləvazimatları bağışladıqlarını bildirib.
İraq Türkmən Cəbhəsi (İTC) sədri Həsən Turan da N.Məmmədovun Kərkükə ikinci səfərindən və məktəbə verdiyi dəstəkdən məmnunluğunu ifadə edib. Xüsusilə 2003-cü ildən sonra ölkə daxilində türkcə təhsil verən məktəblərin açıldığını qeyd edən H.Turan türkmənlərin sıx yaşadığı bölgələrdə türkcə təhsil verən məktəblərə dəstəyin davam etdirilməsinin və təhsilin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıb.