Son yeniləmə: 11 Oktyabr 2022 09:36
Universitetin Azərbaycan Proqramlarının yeni tədris ili ilə bağlı mərasimində rektor Prof. Dr Fuat Erdal da iştirak edib
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Anadolu Universiteti Azərbaycanda fəaliyyətini genişləndirir. Məlumat üçün bildirək ki, ötən həftə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) distant təhsil sahəsində əməkdaşlıq etdiyi Anadolu Universitetinin Azərbaycan Proqramlarının 2022-2023-cü tədris ilinin açılış mərasimi keçirilib.
Nizami Kino Mərkəzində keçirilən tədbirdə öncə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov ötən müddət ərzində keçilən yola nəzər salıb. O, Azərbaycan Proqramlarının ötən illərdə olduğu kimi, 2022-2023-cü tədris ilində də azərbaycanlı gənclərə xidmət edəcəyini bildirib. Qeyd olunub ki, Azərbaycan Proqramlarına ölkəmizdə böyük maraq var.
Çıxışına məzunları və bu il birinci kursa qədəm qoyacaq tələbələri təbriklə başlayan universitetin rektoru Prof. Dr Fuat Erdal açıq öyrətim sistemi içərisində Azərbaycan Proqramlarına çox önəm verdiklərini bildirib.
Rektor “2009-cu ildən etibarən Türkiyə ilə birlikdə Azərbaycanda da bu sistemi tətbiq edirik. Ötən müddətdə bu proqramlar çərçivəsində təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artmaqdadır. Bundan son dərəcə qürur duyuruq”, – deyə əlavə edib.
Tədbirdə çıxış edən ATİB sədri Cemal Yanğın da öncə məzunları və tələbələri təbrik edib. Təhsil kimi vacib və strateji bir sahəyə dəstək verdikləri üçün məmnunluq duyduqlarını bildirən ATİB sədri qeyd edib ki, azərbaycanlı gənclər Anadolu Universiteti Azərbaycan Proqramları çərçivəsində 50-dən çox ixtisas üzrə ali təhsil ala bilərlər.
C.Yanğın Azərbaycanın və Türkiyənin gələcəyinə işıq tutacaq bilikli gənclərin yetişməsi üçün bundan sonra da lazım olan dəstəyi göstərəcəklərini bildirib.
Digər natiqlər də bu il universitetə qəbul olan tələbələri təbrik edib, onlara uğurlar diləyiblər. Çıxışlarda həmçinin distant təhsildə Anadolu Universitetinin 40 illik təcrübəsi olduğu diqqətə çatdırılıb.
Çıxışlardan sonra universitetin tanıtım çarxı nümayiş olunub.
Tədbirin sonunda birinci kurs tələbələrinə tələbə biletləri, məzunlara isə diplomları təqdim edilib.
Məlumat üçün bildirək ki, Anadolu Universiteti Bakıda “Absheron Marriott” otelində keçirilən “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkasının baş sponsoru idi.
Onu da qeyd edək ki, rektor Prof. Dr Fuat Erdalın BAYRAQDAR MEDİA-ya özəl müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.
[…] Azərbaycan Proqramlarına böyük önəm verilir […]