Son yeniləmə: 3 Oktyabr 2022 17:31
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan Vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 56 mindən çox şəxsə xidmət göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, mərkəzlərdə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlər təqdim edilir: “Hazırda Bakı şəhərindəki və Abşeron rayonundakı DOST mərkəzlərində, həmçinin Gəncə şəhərində, Masallı, Ucar, Şəmkir, Qusar və Salyan rayonlarında ümumilikdə 48 rayon və şəhər üzrə xidmət göstərən 11 vahid əlaqələndirmə mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 53 qurum üzrə 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir”.
Həmin qurumların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və 48 rayon (şəhər) icra hakimiyyəti daxildir.