Son yeniləmə: 30 Sentyabr 2022 10:48
BAYRAQDAR MEDİA – Zaqatala rayonunda əkin sahələrinin suvarılmasını təmin etmək, o cümlədən sel sularına qarşı mübarizəni gücləndirmək məqsədilə təxirəsalınmaz işlər görülür. Suvarılan torpaq sahələrinə vaxtında suyu çatdırmaq üçün torpaq məcralı kanallar lildən təmizlənir, su itkisinin qarşısını almaq üçün isə kanallara beton üzlük çəkilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 30-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
Onun sözlərinə görə, bütün bu işlər Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir: “Cari ildə suvarma kanallarının 425min m3 hissəsinin lildən təmizlənməsi nəzərdə tutulub. Qobu çay suvarma kanalının davamı olaraq 2,3 km torpaq məcralı Qandax kanalının 1 km uzunluğunda beton üzlüklə əvəzlənməsi və üzərindəki qurğularla birlikdə təmir edilməsi planlaşdırılıb. Hazırda kanalda işlər sürətlə davam edir”.
Bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2022 – ci il üçün təsdiqlənmiş istismar tədbirləri plana uyğun olaraq işləri davam etdirir: “Eyni zamanda Zaqatala Suvarma Sistemləri İdarəsi cari il ərzində rayon ərazisindən axan mövcud çaylarda selə qarşı mübarizə tədbirləri ilə əlaqədar, çay yatağının təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsini də həyata keçirir. Muxax çay sistemi üzrə 304min,Tala çay üzrə 188min,Katex çay üzrə 15min, Bəkməz çay üzrə17 min,Micqar çay üzrə 14 min kub metr olmaqlacəmi çaylarda 538 min kub metrməcra təmizləmə işləri yerinə yetirilib. Suvarmanın təşkilində əhəmiyyətli yerə malik olan suvarma kanallarında isə 290 min kub metr iş görülüb”.
Qeyd edilib ki, Zaqatala Suvarma Sistemləri İdarəsi balansında olan 15 min 560 hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir. Hər il bu sahələrdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir və suvarılması tam olaraq həyata keçirilir.