“Azərbaycan vətəndaşı olan bir uşağı necə bağlı olduğu öz yurdundan aparmaq olar?”
BAYRAQDAR MEDİA – İran İslam Respublikasının vətəndaşı, əslən Təbriz şəhərindən olan jurnalist Omid (Ümid) Niayeş Bəhmən oğlu üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova müraciət edib.
Olaylar-ın məlumatına görə, müraciətdə deyilir:
“Hörmətli Vüsal müəllim!
Mən jurnalist Omid (Ümid) Niayeş Bəhmən oğlu 28 mart 1977-ci ilə tarixində İran İslam Respublikasının Tehran şəhərində anadan olmuşam. Əslən Təbriz şəhərindənəm. 2006-ci ilin yanvar ayında Azərbaycan vətəndaşı Rüstəmova ŞahnisəTahir qızı ilə ailə qurmuşam. 6 iyun 2010-cu il tarixində Dəniz adlı qızımız dünyaya gəlib. 2010-cu ildən etibarən Azərbaycan Respublikasında yaşayıram. Bu müddətdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşama icazəsi aldıqdan sonra daimi yaşamaq icazəsi almışam. Daimi yaşamaq icazəsinin müddəti 5 il daha uzadılıb. Bu uzadılmanın müddəti 2022-ci ilin noyabr ayının 7-də bitir.
Keçən ilin noyabr ayında həyat yoldaşım koronavirusdan vəfat etdi. Hazırda 12 yaşlı Azərbaycan vətəndaşı olan qızım Niyayeş Dəniz Omid qızı mənim himayəmdədir. Daimi yaşamaq icazəsinin müddəti bitmədən yenidən uzadılması üçün müraciət etdim. İmtahandan da keçdim (Bu haqda mənə SMS gəldi). 29 sentyabr 2022-ci ildə nəticəni öyrənmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etdim. Mənə daimi yaşamaq icazəsi almaq üçün etdiyim müraciətin rədd edildiyi bildirildi. Deyildi ki, 10 gün ərzində ölkəni tərk etməliyəm. Bunun səbəbi ilə bağlı heç bir açıqlama verilmədi.
Hörmətli Vüsal müəllim, tədris ilinin ortasında 10 gün ərzində mən anasını yenicə itirmiş bir uşaqla hara gedə bilərəm? Onun həyatı, təhsili, dostlarının hamısı buradadır. Bura onun vətənidir. Azərbaycan vətəndaşı olan bir uşağı necə bağlı olduğu öz yurdundan aparmaq olar? Xahiş edirəm Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin müddəti bitmədən yenidən uzadılmasına kömək göstərəsiniz. Qeyd edim ki, Azərbaycan Respublikasında yaşadığım müddət ərzində ixtisasım üzrə tərcümə (ingiliscə və farsca) və jurnalistika sahəsində ölkənin nüfuzlu KİV-lərində çalışmışam”.