Son yeniləmə: 30 Sentyabr 2022 11:00
Dos. Dr. Esma Özdaşlı: ABŞ və Fransa Qafqaza nüfuz etmək, mövqelərini gücləndirmək üçün Ermənistanı təxribatlara çəkir
BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, bugünlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər etdi. Səfər zamanı Fransa Prezidenti Emmanuel Makronla görüş keçirildi. Təbii ki, bu görüşün nəticəsi heç birimiz üçün təəccüblü olmadı. Hər zamankı kimi, E.Makron Ermənistanı dəstəklədi və Azərbaycana qarşı əsassız iddialar səsləndirdi. Bu da Fransanın ermənipərəst siyasətinin bir daha nümayişi idi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Dos. Dr. Esma Özdaşlı deyib.
Ənənəvi Fransa siyasəti
O, qeyd edib ki, əslində, E.Makron sentyabrın 12-13-də nəyin baş verdiyini, təxribatın Ermənistan tərəfindən törədildiyini yaxşı bilir: “Lakin bununla belə o, ənənəvi Fransa siyasətinə uyğun olaraq Azərbaycanı günahlandırdı. Təbii ki, bu, E.Makronun şəxsi təşəbbüsü kimi dəyərləndirilə bilməz. Yəni E.Makronun, həmçinin digər Fransa siyasətçilərinin bu cür davranışının arxasında dayanan başlıca səbəblərdən biri Fransada erməni diasporunun güclü olmasıdır. Bu diaspor siyasi və iqtisadi baxımdan mühüm imkanlara malikdir. Onlar da bu məqamdan istifadə edərək Fransa idarəçilərini ermənipərəst, Türkiyə və Azərbaycan əleyhinə siyasət yürütməyə vadar edirlər”.
Fransa İkinci Qarabağ müharibəsində də ermənipərəst siyasəti ilə fərqlənib
Bildirilib ki, Fransa İkinci Qarabağ müharibəsində də öz ermənipərəst siyasəti ilə fərqlənib: “Həmin müharibə zamanı Fransa Avropa ölkələri arasında Ermənistana açıq və birmənalı dəstək verən ölkə kimi ön sırada dayanmışdı. Təbii ki, başqa bəzi Avropa ölkələri də Ermənistana bu və digər şəkildə dəstək verdi. Amma onlar bunu Fransa qədər açıq və qəti şəkildə nümayiş etdirmirdilər. Hətta 2020-ci il noyabrın 25-də Fransa senatı separatçı rejimi tanıdığını ifadə etdi. Bu isə 10 noyabr üçtərəfli Bəyanatına tamamilə zidd mövqe idi. Daha sonra, 3 dekabr 2020-ci ildə Fransa Milli Assambleyası separatçı rejimi tanıdığını açıqladı və hətta hökumətə də bu rejimi tanımaq istiqamətində bir tövsiyə etdi. Halbuki bu gün dünyada Ermənistan da daxil heç bir ölkə bu separatçı rejimi tanımayıb. Yəni göründüyü kimi, Fransa ermənilərdən də betər ermənilik edir”.
E.Özdaşlı deyib ki, İkinci Qarabağ müharibəsi günlərində Fransanın rəhbərliyi ilə xarici mediada Azərbaycan əleyhinə xüsusi təbliğat kampaniyası reallaşdırıldı: “Mən təsadüfən “xüsusi” sözünü işlətmədim. Məsələ burasındadır ki, Fransanın müxtəlif mətbuat orqanları Ermənistanın cinayətlərini Azərbaycanın adına yazmaqla erməni qara təbliğatının ən böyük dəstəkçisi oldu. Məsələn, Fransanın AFP, France 24 və RFI kimi xəbər qurumları Ermənistanın Bərdəyə hücumlarını əks etdirən kadrlardan istifadə edərək guya bunun Azərbaycanın Xankəndidə dinc sakinlərə hücumunun nəticəsi olduğu barədə yalan iddialar irəli sürdülər. Bu cür qara təbliğat Ermənistanın ənənəvi metodudur.
“Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi zamanı ermənilər İrəvanda keçirilən nümayiş zamanı erməıni terrorunun qurbanı olmuş azərbaycanlı körpə Zəhranın şəklindın istifadə edərək Azərbaycanı körpələri öldürməkdə ittiham ediblər. Eyni zamanda, Fransa mediasının da yuxarıda gətirdiyim nümunələr timsalında Ermənistandan heç də geri qalmadığını söyləyə bilərik”.
Bu məsələdə də Fransa önə çıxdı
E.Özdaşlı bildirib ki, bu məqamda son günlər Azərbaycanın xarici ölkələrdəki diplomatik təmsilçiliklərinə edilən hücumları da diqqətdən qaçırmamaq lazımdır: “Bu məsələdə də Fransanın önə çıxdığını deyə bilərik. Çünki Parisdə Azərbaycan səfirliyinə edilən hücum Fransa polisinin, bəlli qurumlarının gözü qarşısında baş verdi və radikal ermənilərin cinayətkar əməllərini durdurmaq üçün heç bir addım atılmadı. Hətta Azərbaycan səfiri də buna görə haqlı olaraq Fransanı günahlandırdı. Çünki Fransa altına imza atdığı 1961-ci il tarixli diplomatik əlaqələr haqqında Vyana anlaşmasını tapdalamış oldu.
Həmin sənədin 22-ci maddəsində deyilir ki, bir diplomatik missiyanı, yaxud təmsilçiliyi qəbul edən dövlət orada yaşayan görəvliləri və binanı qorumaqda məsuliyyət daşıyır. Lakin son olayda Fransa tərəfi bu maddəni kobud surətdə pozdu. Bu da Fransanın erməni terrorizminə verdiyi dəstək kimi dəyərləndirilməlidir”.
ABŞ da Ermənistanı yeni təxribatlara sövq edir
Müsahibimiz deyib ki, Fransa ilə yanaşı ABŞ da Ermənistanı yeni təxribatlara sövq edir: “Nensi Pelosinin Ermənistana səfərinə də bu kontekstdən yanaşmaq lazımdır. Çünki o, İrəvana məhz Ermənistanın 12-13 sentyabr təxribatlarından sonra gəldi. Ermənistanda Azərbaycan əleyhinə bəyanatlar verdi və getdi. Qeyd edim ki. N.Pelosinin səfərində bir məqsəd Demokaratlar Partiyasının 8 noyabrda keçiriləcək seçkilər öncəsi çətin duruma düşməsi ilə bağlıdır. Yəni N.Pelosi seçki kampaniyasında ABŞ-dakı erməni lobbisinin maddi və mənəvi dəstəyini qazanmaq üçün bu səfəri etdi”.
“Digər tərəfdən də vurğulandığı kimi, Fransayla bərabər ABŞ da İkinci Qarabağ müharibəsindən sonra Qafqazda yaranmış durumdan məmnun deyil. Onlar bu regiona nüfuz etmək, mövqelərini gücləndirmək üçün Ermənistanı təxribatlara sövq edirlər. Onlar bu təxribatlarla, gərginliklərlə ATƏT-in Minsk qrupunu “diriltmək” istəyirlər. Amma əbəs yerə. Çünki Azərbaycanın bu məsələdə də qətiyyətli mövqeyi ortadadır”, – deyə o, sonda əlavə edib.