Son yeniləmə: 29 Sentyabr 2022 11:39
Yeganə Hacıyeva: Rusiya əhalisinin mütləq əksəriyyəti Ukraynaya qarşı müharibənin aparılmasının doğru olmadığını düşünür
BAYRAQDAR MEDİA – “Rusiya-Ukrayna müharibəsi fonunda cərəyan edən son proseslər, əslində, gözlənilməz deyil. Xatırlayırsınızsa, hələ müharibənin ilk günlərində qeyd etmişdik ki, Ukraynadakı müharibə ancaq və ancaq Rusiya daxilində baş verəcək bəlli proseslərdən sonra dayanacaq. Hazırda demək olar ki, həmin proseslər gedir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Rusiyada səfərbərliyə qarşı etirazlar həmin proseslərin başlamasından xəbər verir: “O ki qaldı etirazların nə ilə nəticələnəcəyinə, bunu da təxmin etmək çətin deyil. Bu etirazlar Rusiya üçün çox ciddi problemlərlə nəticələnəcək”.
Politoloq qeyd edib ki, bunun da səbəbi aydındır: “Öncəliklə səfərbərlik elan edilməzdən öncə görülməli texniki hazırlıq işləri görülməyib. Rusiya axırıncı dəfə bu cür ümumi səfərbərliyi 1941-ci ildə SSRİ-nin tərkibində olanda edib. Digər tərəfdən Rusiya cəmiyyətində bu prosesin çox ciddi fundamental qüsurları var. Mövcud ideoloji səhvlərlə yanaşı texniki səhvlər həddindən çoxdur. Ən böyük səhv isə ideoloji əsaslandırılmamış müharibənin başlaması olub. İdeoloji məsələ ondan ibarətdir ki, Rusiya əhalisinin mütləq əksəriyyəti Ukraynaya qarşı müharibənin aparılmasının doğru olmadığını düşünür. Buna görə də sadə ruslar Ukraynadakı döyüşlərə qatılmaqdan imtina edirlər”.
Bildirilib ki, xüsusilə də Rusiyanın cənub regionundakı xalqlar qətiyyətlə bu müharibəyə və səfərbərliyə qarşı çıxırlar: “Özü də bu etiraz Dağıstanla yanaşı, Çeçenistanda da geniş vüsət alıb. Bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, Çeçenistanda hökumət tərəfindən səfərbərliyə dəstək verilsə də çeçen xalqı birmənalı olaraq buna qarşı çıxır. Bir misal çəkim. Bir neçə gün öncə Çeçenistanın nüfuzlu din xadimlərindən biri Ramzan Kadırovun səfərbərliyin dəstəklənməsi qərarına qarşı çıxdı və hətta onu günahlandırdı. Hələ mart ayında Rusiya üçün döyüşməyi cihad elan edən Müfti Salah Mijiev R.Kadırovu öz xalqını ölümə göndərdiyinə görə tənqid edir”.
Y.Hacıyeva bildirib ki, bütün bu baş verənlərin fonunda ümumilikdə proses Rusiya üçün çox ciddi problemlər yaradacaq: “SSRİ-nin sonlarına yaxın yaşadığı problemlərlə indi də Rusiya baş-başa qalacaq. Düzdür, bu gün üçün “bu proses Rusiyanın parçalanması ilə nəticələnəcək” iddiasını tam əminliklə səsləndirmək bir qədər doğru olmaz. Amma hesab edirəm ki, Rusiya daxilində baş qaldıran etirazlar Ukraynadakı müharibəni dayandıracaq. İndi isə müharibə daha ciddi fazaya, ikinci mərhələyə qədəm qoyub. İndi şərtlərdə bu hələ sonuncu faza deyil. Müharibə tezliklə bitməyəcək”.