Son yeniləmə: 29 Sentyabr 2022 11:50
BAYRAQDAR MEDİA – Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.
Xəbəri BAYRAQDAR MEDİA-ya sentyabrın 29-da Bərdə Regional Mədəniyyət İdarəsindən veriblər.
“27 Sentyabr – Anım Günü münasibəti ilə Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub. Tamaşanın nümayişində şəhid ailələri, qazilər, Bərdə Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını yüksəltməkdir”.
“Təsirli epizodlar ilə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşənlərin alqışları ilə sona çatıb. Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar arzulayıb.” Bu sözlər də xəbərdə yer alıb.