Press "Enter" to skip to content

İctimai TV və Radio yeni mövsümə iddialı planlarla gəlir

İTV

BAYRAQDAR MEDİA – İctimai TV və Radio Yayımları Şirkəti yeni mövsümə yenilənmiş və iddialı planlarla gəlir. Bunu qurumun Mətbuat xidmətindən sentyabrın 28-də BAYRAQDAR MEDİA-ya daxil olmuş açıqlamasından görmək olar.

Açıqlamanın olduqca peşəkar və əhatəli hazırlandığını nəzərə alaraq mətni heç bir müdaxiləsiz oxucularımıza təqdim edirik.

“İctimai Televiziya yeni mövsümə başlayır. Bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq. Bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Həmçinin, idman həvəskarları 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kubokunu da İctimai TV-dən izləyə biləcək. Mövsümün sonuna kimi isə İngiltərə premyer liqasında hər turun 2 ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Yeri gəlmişkən, ölkə idmanında baş verən maraqlı hadisələr hər həftənin bazar ertəsi “Bol idman”da müzakirə olunacaq.

“Beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq: “Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcək”.

“Əyləncəli-musiqi proqram olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirində olacaq.

“İctimai TV-nin digər yeni layihələrindən “Savaş şəhəri” hərbi yarış proqramı, “Yaxşı həkim” sağlamlıq verilişi, “Kainat necə qurulub?” maarifləndirici veriliş, “Şənbə axşamı” məlumatlandırıcı-əyləncə proqram, “Rakadarum” musiqili proqram geniş ictimaiyyət üçün maraqlı olacaq. “Camaat nə deyir?” əyləncəli proqramının isə yeni buraxılışları yayımlanacaq.

“Tamaşaçıların həvəslə izlədiyi beynəlxalq lisenziyalı layihələrdən “Milyonçu”, “61!”, “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” kimi intellektual proqramlar bu mövsüm də nümayiş etdiriləcək.

“İctimai Televiziyanın efirində hərbi vətənpərvərlik mövzusuna yenə xüsusi yer verilib. Bu qəbildən Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Görünməyən qəhrəmanlar” silsiləsindən daha bir filmin çəkilişləri davam edir. İndiyədək 11 seriyası nümayiş etdirilib. Milli qəhrəmanlarımıza həsr edilən “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”, 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən “Döyüşçü” layihəsi, “Radius” hərbi analitik-informasiya proqramı bu mövzuda olan verilişlərdir. Tamaşaçılar “Qarabağ gündəliyi”ndən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə başlayan bərpa-quruculuq işləri barədə məlumat alacaqlar. “Şuşa ili” ilə əlaqədar sosialyönümlü “Mənim Şuşam” videoçarxlarının yeni buraxılışları da təqdim olunacaq.

“Yeni mövsümdə tamaşaçılara Sony Pictures, BBC, Discovery və digər məşhur şirkətlərin istehsalı olan ən baxımlı, yüksək reytinq qazanmış bədii, sənədli filmlər, o cümlədən narkomaniyanın cəmiyyətə vurduğu zərərli təsirlərdən bəhs edən Amerika serialı “Breaking Bad”, BBC-nin detektiv janrında məşhur “Sherlock” serialı, “Blacklist” (9-cu sezon), “Around the World in 80 Days”, “Osmanlı İmperiyasının yüksəlişi” bədii-tarixi filmi, “Quiz” və başqaları peşəkar dublyajla nümayiş etdiriləcək.

“Günün mühüm ictimai-siyasi hadisələrinin müzakirəsi həmişə olduğu kimi “Diqqət Mərkəzi”ndə olacaq. İctimai-siyası mövzular eyni zamanda, müəllif proqramlarında – tanınmış politoloq Eldar Namazovun “Aydınlıq”, tanınmış jurnalist Elçin Şıxlının “Pressinq”, Orxan Fikrətoğlunun “Halbuki”, Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında “Sabaha saxlamayaq” və s. verilişlərdə işıqlandırılacaq. İTV-nin böyük populyarlıq qazanmış simalarından biri – Dadaş Dadaşlinskinin “3D” verilişinin fərqli buraxılışları efirə gedəcək.

“Tamaşaçılar hər səhər “Sabahın xeyir, Azərbaycan”, “Dikdaban” verilişlərini həftəiçi izləyə biləcəklər.

“İctimai Televiziya yeni mövsümdə tamaşaçılara yerli istehsal olan seriallar da təqdim edəcək. Tanınmış rejissor Emil Quliyevin rejissorluğu ilə maraqlı üslubda hazırlanan “Əqrəb mövsümü”, “Körpü” serialları izləyicilər üçün çox cəlbedici olacaq. Ötən mövsümdə tamaşaçıların rəğbətini qazanmış “Simurq” serialının 2-ci sezonu həftəiçi yayımlanacaq.

“Əsrlərlə yaşı olan muğalarımız və aşıq sənətinin təbliğinə həsr edilən “Ustad dərsi”, “Ozan məclisi” proqramlarının yeni buraxılışlarının yayımı da İTV-də davam edəcək.

“Milli azlıqlardan bəhs edən “Bura Vətəndir: sıradan birimiz” layihəsi yeni mövsümdə davam etdiriləcək.

“Məşhur şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən film çəkilişlərinə xüsusi diqqət yetirilir. Böyük şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə “Şeyx Sənan” pyesi əsasında müasir dövrə uyğun hazırlanan eyni adlı serialı, “Bəraət – №1113” filmləri silsiləsindən daha birini izləmək mümkün olacaq. Bundan başqa, Qara Qarayevin 105, Məmməd Arazın 100, Fikrət Əmirovun 100 illiyinə həsr olunan filmlərin nümayişi nəzərdə tutulur.

“İctimai Radio da yeni mövsümə maraqlı layihələrlə başlayıb. İlk növbədə, ölkənin radio məkanında ən çox dinlənilən, Fateh və Rəvan Bağırovun təqdimatında “MANPASI” səhər şousu və DJ Turalla “AvtoStop” verilişinin yayımı davam edir. Yeni maraqlı layihələrdən – Nərmin Aşurzadə ilə “Əsas Dərs” verilişində təhsil, fərdi inkişaf, ixtisas seçimi, təhsil sistemində yeniliklər və imkanlar barədə artıq iş günləri saat 17:00-da müzakirələr başlayır, bu mövzularda dinləyicilərə dəqiq, aktual və ətraflı məlumatlar verilir. Əhməd Əliyevlə “İdman Gündəliyi”ndə isə dekabrda Qətərdə baş tutacaq futbol üzrə Dünya Çempionatı ərəfəsində və ondan sonra idmanın müxtəlif sahələrinə dair gündəlik məsələlərin müzakirəsi iş günləri saat 11:00-da nəzərdə tutulur.

“Onu da qeyd edək ki, İctimai Teleradionun efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən bütün proqramlar yenidən tamaşaçıların görüşünə gələcək. Yeni mövsümdə bütün həmkarlarımıza uğurlar arzu edirik!”

Mission News Theme by Compete Themes.