Son yeniləmə: 28 Sentyabr 2022 16:51
BAYRAQDAR MEDİA – Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin Müdafiə Qüvvələrinin komandanlığını ziyarət edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib.
General-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib: “Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Sonra general-polkovnik K.Vəliyev Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşüb. İşgüzar şəraitdə keçən görüşdə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri, iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar”.
Saçxeri Dağ Hazırlığı Məktəbində təşkil olunan kurslarda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı və hazırlığının davam etdirilməsi müsbət qiymətləndirilib: “Azərbaycan ilə Gürcüstan orduları arasında keçirilən birgə təlim, konfrans və treninqlərin müntəzəm xarakter daşıdığı, bu tədbirlərin həm ikitərəfli və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatda, həm də NATO çərçivəsində həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır”.
Tərəflər hər iki dövlətin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qarşılıqlı şəkildə dəstəkləndiyini qeyd edib, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olmasının hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaratdığını və bu əməkdaşlığın hərbi qurumların maraqlarına cavab verdiyini xüsusi vurğulayıblar.
Görüşdə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə yönəldiyi qeyd olunub.