BAYRAQDAR MEDİA – Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında 44 günlük Vətən Müharibəsinə həsr olunmuş “Cənnətə bilet” tamaşası nümayiş olunub. Bu tamaşa ilə Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışı keçirib.
Bu barədə Baş İdarədən məlumat verilib.
Bildirilib ki, tamaşada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və əməkdaşları, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Həcər İsrafilova, şəhid ailələri, qazilər iştirak ediblər.
Qeyd edilib ki, Azərbaycan torpaqlarının azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullara, şəhidlərə ithaf olunmuş “Cənnətə bilet” tamaşasının müəllif və rejissoru İlhamə Əhmədovadır: “II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb. Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə “bilet alaraq cənnətə gedib” ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar. Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğulllarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb”.
Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunmuşdur: “Rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Huseynli, rollarda baba – Mehman Piriyev, nənə – Flora Hüseynova, şəhid – Röyal Allahverdiyev ( II Qarabağ müharibəsi iştirakçısı), gəlin – Türkan Şahmarlı, uşaqlar – Toğrul İsabəyli və Əli Babayevdir”.