BAYRAQDAR MEDİA – “Masallıda suvarma mövsümü geridə qaldı. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi və izafi suları kənarlaşdırmaq üçün rayon ərazisində görülən işlər öz bəhrəsini verib”.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 28-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
O, qeyd edib ki, Masallı rayonunun 9 min 892 hektar əkin sahəsinin suvarılmasını, əsasən Viləşçay su anbarının suyu təmin edir: “Əkin sahələrinə verilən suyun vaxtı – vaxtında çatdırılması üçün qapalı şəbəkələrdən və açıq torpaq kanallardan istifadə olunur. Sağ sahil beton kanal vasitəsilə 4 min 530 hektar əkin sahəsi qapalı şəbəkə vasitəsilə suvarma su ilə təmin olunur”.
Bildirilib ki, 2022-ci ildə Viləşçay su anbarında 46 milyon kubametr həcmində su yığılıb və suyun bu günkü günə kimi 38 milyon kubmetri əhaliyə verilib: “Əkin sahələrinin vaxtı – vaxtında suvarılması nəticəsində fermerlər sahələrdən yüksək məhsuldarlıq əldə ediblər. Əkin sahələrinin suvarılması ilə yanaşı Viləşçay su anbarı vasitəsilə Masallı şəhəri, Masallı rayonun kəndləri və Cəlilabad şəhəri içməli su ilə təmin edilir. Hazırda kanallarda suvarma suyunun verilməsi dayandırılıb. Növbəti mövsümə hazırlıq işləri görülür. Kanallardan lildən təmizlənmə işləri aparılır”.
Qeyd edilib ki, Viləşçay su anbarının faydalı həcminin artırılması məqsədilə 2 – ci növbəsinin tikilməsi nəzərdə tutulub: “Cənab Prezidentin müvafiq sərəncamına əsasən layihə işləri aparılır. Su anbarında suyun həcmi 128 milyon kubmetr sututma qabiliyyətinə malik olacaq. Bununla da Masallı rayonunda ümumi 17000 hektara yaxın əkin sahəsi suvarma suyu ilə təmin oluna biləcək”.