Son yeniləmə: 27 Sentyabr 2022 10:05
Rey Kərimoğlu: 2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının yaddaşında ən müqəddəs gün kimi qalacaqdır
BAYRAQDAR MEDİA – “27 sentyabr 2020-ci il Azərbaycan xalqının yaddaşında qızıl hərflərlə yazılan bir gündür. 27 sentyabr Azərbaycan xalqının uzun illərdir gözlədiyi qələbə arzusu, qələbə istəyinə gedən yolun başlanğıcıdır. Çox müqəddəs, həm də şərəfli bir gündür”.
Bunu BAYRAQDAR MEDİA-ya Qarabağ qazisi, “Qarabağ Qaziləri” İB-nin üzvü Rey Kərimoğlu deyib.
O, qeyd edib ki, 27 sentyabr Azərbaycan torpaqlarının Ermənistanın işğalından təmizlənməsinin başlanğıcı günüdür: “Rəşadətli Azərbaycan Ordusunun şanlı tarixinin ən gözəl səhifələrinin yazıldığı gündür. Allah bütün şəhidlərə rəhmət eləsin. Ruhları şad olsun. Qazilərə can sağlığı arzu edirəm. 2020-ci il sentyabrın 27-si Azərbaycan xalqının yaddaşında ən müqəddəs gün kimi qalacaqdır. Dünya durduqca hər il bu tarixdə şəhidlərin xatirəsini anacaq, kədərlə yanaşı həm də qürurlanacağıq”.
R.Kərimoğlu bildirib ki, zəfər Azərbaycan xalqının halal haqqı idi: “Xalqımız uzun illər bu zəfərin təşnəsi idi. Çünki biz bilirdik ki, Ermənistan Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməz. Çünki müzəffər Ali Baş Komandan İlham Əliyevin qurduğu ordu, onun gücləndirdiyi dövlət bu qələbəyə qadir idi. Biz buna inanırdıq. Arzumuzu, istəyimizi dilə gətirirdik. Beləliklə, bu arzumuz çin oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımıza zəfər sevincini yaşatdı”.
“Şəhidlərin qanı, canı bahasına əldə edilən bu tarixi Zəfər nəticəsində işğaldan azad edilən torpaqlarda aparılan quruculuq-bərpa işləri bu yerlərin gerçək sahiblərinin kim olduğunu bütün dünyaya göstərdi. İşğaldan azad edilmiş rayonlardakı öz ata-baba yurdlarına dönməyi böyük sevinclə gözləyən azərbaycanlılar ona da əmindirlər ki, cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində tezliklə Zəngəzur dəhlizi də açılacaq və ümumilikdə bu torpaqlar öz inkişafına görə dünyada fərqlənəcək”, – deyə R.Kərimoğlu sonda əlavə edib.