Ali Ekber Tufan: Hər kəs çalışdığı sahədə bu qardaşlığın daha da güclənməsi üçün davamlı addımlar atmalıdır
BAYRAQDAR MEDİA – “Mən öncə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan, o cümlədən 12-13 sentyabr tarixlərində Ermənistanın təxribatları nəticəsində şəhid olan bütün qəhrəman vətən övladlarına Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Prof. Dr. Aygün Attarın köməkçisi və onun rəhbərlik etdiyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADƏHF) baş koordinatoru Ali Ekber Tufan dedi.
Məlumat üçün bildirək ki, sentyabrın 15-də Bakıda sözügedən Vəqfin və Azərbaycan Türk Evinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Köklü keçmiş, güclü gələcək – Türkiyə-Azərbaycan əlaqələrinin dünəni, sabahı” adlı simpozium keçirildi. Tədbirdə Milli Məclisin deputatları, Türkiyənin və Azərbaycanın tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Yeri gəlmişkən, A.E.Tufan həyatını türklük-azərbaycançılıq ideyasına həsr etmiş ailənin davamçısı, İğdır, Kars, Ardahan, Ağrı və Erzurumun türk torpaqları olaraq qalması üçün mübarizə aparan milli ideoloqlarımızdan biri Ali Ekber Tufanın adını daşıyan nəticəsidir. Məlumat üçün bildirək ki, Ali Ekber Tufan 1870-ci ildə tarixi türk torpağı olan İğdıra bağlı Meleklidə dünyaya göz açıb. Bölgədə xüsusi nüfuzu olan Ramazanoğlu ailəsinə mənsub olan Ali Ekber Tufan Zaqafqaziya Seyminin İğdır millət vəkili, eyni zamanda Difai gizli təşkilatının (1905) üzvü, Cemiyet-i Xeyriyyeyi İrevanın İğdır təmsilçisi (1910) vəzifələrində çalışıb. 1917-1920-ci illərdə İğdır Milli Hökumətinin sədri olub.
Onu da qeyd edək ki, nümayəndə heyətinin tərkibinə A.E.Tufanla yanaşı bu nəslin tanınmış nümayəndələrindən biri, Türk-Yapon Vəqfinin başqanı Prof. Dr. Nejat Bora Sayan da daxil idi. Azərbaycanda səhiyyə sahəsində bir sıra mühüm işlərin görülməsinə yardımçı olan Nejat bəylə müsahibəni də yaxın günlərdə oxuculara təqdim edəcəyik.
Türkiyə-Azərbaycan qardaşlığının inkişafına xidmət edən işlər
Yuxarıda bəhs edilən tədbir çərçivəsində Prof. Dr. Aygün Attarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə oldu. Bir həftəyə yaxın çəkən səfərdə nümayəndə heyəti bir sıra görüşlər keçirdi, digər elmi və mədəni tədbirlərdə də iştirak etdi. Qeyd etdiyimiz kimi, həmin nümayəndə heyətinin tərkibində olan Ali Ekber Tufan BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində həm tədbir, həm də digər məqamlarla bağlı suallara cavab verdi.
Tədbir barədə ətraflı məlumata keçməzdən öncə A.E.Tufan bildirdi ki, A.Attarın rəhbərliyi ilə Vəqf hər zaman Türkiyə-Azərbaycan dostluq və qardaşlığının daha da inkişafına xidmət edən işlər görür: “Elə bəhs etdiyimiz tədbirin keçirilməsində bir məqsəd də bu idi. Mən bu cür fəaliyyətlərə görə bir daha A.Attara təşəkkür edirəm”.
Onun sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümünün qeyd olunması idi: “Həmçinin, hörmətli Aygün xanımın da giriş nitqində qeyd etdiyi kimi, məqsəd Türkiyə və Azərbaycan əlaqələrinin dünəni, bu günü və gələcəyi ilə bağlı müzakirələrin aparılması, o cümlədən, sentyabrın 12-13-də Ermənistanın törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin anılması idi. Tədbir Ermənistanın növbəti hərbi təxrbatı ərəfəsinə təsadüf edirdi. A.Attar da çıxışında bu məqamın üzərində xüsusi dayanaraq qeyd etdi ki, hazırda xalqımız həm acı, həm də qürurlu günlərini yaşayır. Çünki şanlı Azərbaycan Ordusu Vətən torpaqlarına göz dikən, hər cür beynəlxalq prinsiplərə zidd olaraq Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən Ermənistana lazımi cavabı verib. O ki, qaldı 15 sentyabrın önəminə, mən yenə də Aygün xanımın fikirlərinə istinad edirəm: 104 il əvvəl – 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsi Azərbaycanın qurtuluş tarixidir. Tədbirdəki çıxışlarda o da vurğulandı ki, İkinci Qarabağ müharibəsində də Türkiyə hökuməti və milləti Azərbaycanın yanında oldu və hər zaman onun haqlı mövqeyini dəstəklədi”.
Bu qardaşlıq öz gucunu iki xalqın uzun əsrlik dostluğundan alır
A.E.Tufan, “Ümimiyyətlə, bu bir həqiqətdir ki, Azərbaycan-Türkiyə qardaşlığı öz gücünü iki xalqın uzun əsrlik dostluğundan alır. Necə ki, 104 il əvvəl Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanın səsinə səs verdi, Azərbaycan-Türkiyə qardaşlığının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi, eləcə də 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra hər kəs Azərbaycan-Türkiyə birliyinin türk dünyasının ümidi olduğunu gördü. Bu bir daha göstərdi ki, Azərbaycan və Türkiyə bayraqları heç zaman enməyəcək, iki qardaş ölkənin birliyi daimi olacaq” deyə əlavə etdi.
Səfər çərçivəsində A.E.Tufan Milli Arxivdə də olub. Bunun səbəbinə gəlincə müsahibimiz dedi ki, adını və soyadını daşıdığı ulu babası Ali Ekber Tufan haqqında arxiv materiallarına baxıb, müvafiq qeydlər aparmaq istəyib.
Beləliklə, arxivdə nəsilləri ilə bağlı bir sıra sənədlərə rast gəldiyini deyən müsahibimiz aşağıdakıları bildirdi: “1831-ci ilin kameral təsvirində nəslimiz haqqında məlumatlar var. Onu gördüm. Həmçinin, ulu babamız haqqında məlumatlar da vardı. Könül istər ki, hər kəs bu istiqamətdə axtarışlarında uğur qazansın. Amma çox çətin bir işdir. Xüsusilə də arxivdə uzun illər, hətta əsirlər öncəyə aid hansısa sənədi tapmaq üçün xeyli vaxt sərf etmək lazımdır. Bununla belə, bu sənədləri tapmaqda mənə kömək edən Milli Arxiv İdarəsinin rəhbərliyinə və işçilərinə münnətdarlıq edirəm. Bir vacib məqamı da deyim. Biz bu sənədləri həm də ona görə tapa bildik ki, vaxtında ulu babamız Hacı Əkbər Tufan – vaxtı ilə sovet Azərbaycanında sənədlərdə qeyd edildiyi kimi Hacı Əkbər Ramazanov – bütün şəcərəsi haqqında məlumatları qeydə aldırıb”.
Elə kitab yazılmalıdır ki…
“Bəs bu sənədləri, ümumiyyətlə nəsil şəcərəniz haqqında məlumatları gələcəkdə kitab halına salmaq fikriniz varmı” sualına gəlincə, A.E.Tufan dedi: “Öncə onu deyim ki, bizim nəslimizlə, ulu babamla bağlı Azərbaycanda bir neçə kitab, elmi məqalə yazılıb. Amma təbii ki, tapılan hər bir yeni sənəd, yeni araşdırmanın nəticələri ortaya bəzi reallıqları da çıxarır”.
Onun sözlərinə görə, bu reallıqlar da ondan ibarətdir ki, sözügedən istiqamətdəki fəaliyyətlər Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənməsinə vasitə ola bilər: “Buna görə də bizim hər birimizin üzərinə böyük vəzifələr düşür. Hər kəs çalışdığı sahədə bu qardaşlığın daha da güclənməsi üçün davamlı addımlar atmalıdır. Bu baxımdan mən də gələcəkdə bir kitab yazmaq fikrindəyəm. Həmin kitabda həm nəsil şəcərəmiz, o şəcərəyə aid xatirələri qələmə almaq, həm də ulu babamın iki ölkənin qardaşlığının daha da güclənməsi üçün gördüyü işlər barədə məqamlara toxunmaq istərdim. Ümumiyyətlə, hesab edirəm ki, kitab elə yazılmalıdır ki, o hər kəsin başı üzərində olmalı, hər kəsin stolüstü kitabına çevrilməlidir. Bu baxımdan da yazacağım kitabın qiymətli materiallarla zəngin olması üçün digər ölkələrin arxivlərinə da baş vurmaq fikrindəyəm”.
Bir azərbaycanlı olmaqdan qürur duyuram
“Sonda onu qeyd etmək istəyirəm ki, Azərbaycan günbəgün, hətta deyərdim saatbasaat inkişaf edən, öz inkişafına görə Qafqazın parlayan ulduzuna çevrilən bir ölkədir. Burda olmaqdan, həm də bir azərbaycanlı olmaqdan qürur duyuram. Bir həftəyə yaxın müddətdə Bakıda oldum, çox gözəl şeylər müşahidə etdim. Qalib Azərbaycanın qalib xalqının necə qürurla addımladığının şahidi oldum. İnşallah, Azərbaycan Qafqaz və Orta Asiyanın inkişaf edən bir mərkəzi kimi bundan sonra da irəli gedəcək və yeni-yeni uğurlar qazanacaq”, – deyə müsahibimiz əlavə etdi.