Press "Enter" to skip to content

Azərbaycan tarixinə adlarını qızıl hərflərlə yazan qəhrəmanlar

Emin Həsənli

Emin Həsənli: Azərbaycan xalqı, o cümlədən dünya azərbaycanlıları Vətən müharibəsində canları bahasına bizə tarixi Zəfəri bəxş etmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edir

BAYRAQDAR MEDİA – “27 sentyabr çox əlamətdar, Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq günlərdən biridir. Məhz bu gün o tarixi Zəfərin əldə edilməsi üçün müqəddəs canlarından keçən əziz şəhidlərin anım günüdür. Allah bütün şəhidlərə rəhmət eləsin. Onlar Azərbaycan tarixinə öz adlarını qızıl hərflərlə yazıblar”.

Bunu BAYRAQDAR MEDİA-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ilə yaxın idi ki, danışıqlar prosesində iştirak edirdi: “Azərbaycan bütün mümkün variantlardan istifadə edirdi ki, beynəlxalq hüququn gücü ilə heç olmasa dünyada bir münaqişə ədalətli həll edilsin. Lakin bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanısa da, işğal faktını qəbul etsə də Ermənistana qarşı hər hansı sanksiya tətbiq edilmirdi. Belə olan təqdirdə isə yalnız bir yol qalırdı”.

Müsahibimiz deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə məqsədyönlü addımlar atıldı: “Azərbaycan diplomatik cəbhədə ard-arda böyük uğurlar əldə etdi. Eyni zamanda Azərbaycan dövləti sülh danışıqları aparmaqla yanaşı iqtisadiyyatını gücləndirdi, güclü ordu qurdu. Ordunun zabit potensialı gücləndirildi. Azərbaycan gəncləri qardaş Türkiyədə yüksək hərbi təhsil alaraq orduda xidmət etdilər. Bir sözlə, Azərbaycan Ordusunun güclənməsi üçün nə lazımdırsa edildi”.

E.Həsənli deyib ki, sülh danışıqlarını pozmaq üçün təxribatlara əl atan Ermənistan 2016-cı ilin aprelində ağır zərbə aldı: “2016-cı ilin aprelində Azərbaycan gəncliyi “keçilməz” Ohanyan xəttini darmadağın etdi. Qarabağı işğal etmiş Sarqsyan-Ohanyan cütlüyü hakimiyyətdən getdi. Hakimiyyətə Nikol Paşinyan gəldi. Gözlənilirdi ki, bu zərbədən sonra düşmən nəticə çıxaracaq və N.Paşinyan normal addım atacaq. Təəssüflər olsun ki, nəticə çıxarılmadı. N.Paşinyan “Qarabağ Ermənistandır” şüarı ilə özünü və ölkəsini çətin duruma saldı. Ermənistan müdafiə naziri gedib Amerikada yeni torpaqlar, yeni ərazilər işğal etmək niyyətində olduqlarını bəyan etdi. Beləliklə, Azərbaycan dövləti gördü ki, danışıqlar mənasızdır. Cənab Prezident “Qarabağ Azərbaycandır!” fikrini irəli sürərək xalqı səfərbər etdi. 2020-ci ilin Tovuz hadisələrindən sonra Azərbaycan xalqı hiddətlənərək qəti mövqeyini bildirdi. Sentyabrın 27-də düşmənin əl atdığı növbəti hərbi təxribat isə işğalçıların darmadağın olması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi – tarixi Zəfərə gedən yol məhz 27 sentyabrda başladı. Bu, böyük bir tarixi andır. Bu gün Azərbaycan xalqı, o cümlədən dünya azərbaycanlıları Vətən müharibəsində canları bahasına bizə tarixi Zəfəri bəxş etmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edir. Allah bütün şəhidlərə rəhmət eləsin”.

Mission News Theme by Compete Themes.