BAYRAQDAR MEDİA – Heç unutmuram və unuda da bilmərəm. Haradasa 1990-cı il idi. Bəlkə də 1991. Bakı Məişət Maşınları Təcrübə Zavodunda işləyirdim. Tələbə idim, həm də özümə çörəkpulu qazanırdım. Azərbaycanda xalq hərəkatı getdikcə vüsət alırdı. SSRİ, onunla bərabər Rusiya əleyhinə ovqat yüksəlib zirvəsinə çatmışdı. Buna həm də ovaxtkı SSRİ Prezidenti Mixail Qorbaçovun Bakıya – dinc əhalinin üzərinə xəbərdarlıqsız qoşun yeritməsi də əlavə rəng qatırdı. Ona görə də insanlarımızın böyük çoxluğu Rusiyaya qarşı idi.
Amma ruslar da boş durmurdular. Azərbaycanın çörəyini yeyib suyunu içən bəzi nankor ruslar eynən ermənilər kimi davranırdılar. Onlar hələ də bizi xor görür, yuxarıdan aşağı baxır və açıq bəyan edirdilər ki, Rusiya olmasa Azərbaycan heç bir gün də yaşaya bilməz.
Girişdə xatırlatdığım olay da onda baş vermişdi. İşlədiyim zavodda 50 yaşlarında eybəcər bir rus qadın vardı. Mühasib işləyirdi. Azərbaycan dilində bir kəlmə belə danışmırdı və yəqin ki, bilmirdi də. Belə anlaşılır ki, bizim dövlət dilimizi öyrənməyə zərurət duymamışdı. Nə də olsa işğalçı Rusiya əsilli idi və təbii ki, öz ağlınca bizdən daha “üstün” bir millətin nümayəndəsi olaraq özünü dilimizi öyrənmə səviyyəsinə “endirmək” istəməmişdi.
Nə isə, bu qadınla sözümüz çəp gəlirdi həmişə. Bir dəfə də belə qarşılaşmalardan birində qayıtdı ki, “biz ruslar olmasaq siz azərbaycanlılar heç kimsiniz. Bir gün belə bizsiz yaşaya, dövlət ola bilməzsiniz. Çox sağ ol deyin ki, rusların hesabına adam olmuşunuz. Sizin hamınız tənbəl və bacarıqsızsınız”.
Bu urus arvadın dedikləri az qala yeddi qatımı kəsmişdi onda. Təbii ki, balaca bala olmadığım üçün onun zəhləm getmiş sifətinə işğalçı olduqlarını, məhz onların işğalı üzündən Azərbaycanın və millət olaraq bizim əzablar çəkdiyimizi deməli olmuşdum. Əlavə də etmişdim ki, “siz itilib gedin, görün Azərbaycan necə bir dövlət olur. Gün gələcək, Azərbaycana həsrətlə baxacaq, möhtac olacaqsınız”…
Və o gün gəldi! Həm də gəldikcə gəldi! Azərbaycan müstəqil oldu. Dövlət oldu. Ardından da dinc quruculuq işlərinə başladı. Elə bir həddə yetişdi ki, məhz elə rusların – Rusiyanın hesabına xain qonşumuz Ermənistanın işğal etdiyi torpaqlarını da can və qan bahasına azad etdi.
Azərbaycan 2020-ci ilin 27 sentyabrından başlayaraq bütün dünyanın gözü önündə tarix yazdı. Bu tarixi dəyərli Vətən oğullarının qanıyla yazdı millətimiz! Dinindən, etnik kimliyindən asılı olmayaraq hər bir Azərbaycan gənci cəbhəyə – düşmənlə açıq savaşa can atdı o gündən başlayaraq. Və nəticə də özünü çox gözlətmədi. 44 günün tamamında işğalçı düşmən ağası Rusiyanın da məsləhəti ilə təslim oldu, diz çökdü, yalvardı və yerdə qalan torpaqlarımızı bir güllə atmadan təhvil verməyə hazır olduğunu bəyan etdi. Bunu bir öhdəlik olaraq üzərinə götürdü, əməl də etməli oldu!
Azərbaycanın 44 günlük Vətən Savaşı bütün dünyada özəlliklə hərbi biliklərə maraq göstərənlər üçün dərslik materialı oldu. Hər kəs bu savaşın mümkün az itki ilə necə belə böyük qələbəyə gətirib çıxardığını heyrətlə öyrənməyə çalışdı, çalışır. Hətta o urus arvadın bir zamanlar işğalçı olaraq Azərbaycana gəldiyi əsl vətəni – Rusiyada da bizim savaş təcrübəmiz öyrənilir.
Amma nə faydası? Başqasının təcrübəsini öyrənə bilərsən. Əgər qəlbində vətən sevgisi yoxdursa, bunun bir faydası olmaz.
Vətən sevgisindən söz düşmüşkən, həmin urus arvadın həmvətənlərinin bugünlərdə necə rəzil duruma düşdüyünü bütün dünya müşahidə edir. Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik edib ki, Ukrayna bataqlığından çıxa bilsin. Nə baş verir? Az qala bütün Rusiya əhalisi ölkəni tərk edib birdəfəlik bu şər imperiyasından qaçmağa çalışır!
Bəs bizim savaşımızda necə idi? Gənclərimiz hərbi komissarlıqların qapısında yatırdı ki, onları da döyüşə aparsınlar. Küçələrdə yürüşlər keçirən, hətta qaçıb birbaşa cəbhə xəttinə gedən Azərbaycan oğulları idi. O müqəddəs savaş günlərində bir nəfər də olsun Azərbaycanlı hərbi çağırışdan yayınmadı.
Rusiyada isə nə görürük? Hərbi komissarlıqlara hücum edilir, ölkənin hər tərəfində insanlar ayağa qalxıb gəncləri əsgərlikdən yayındırmaq üçün mücadilə aparır. Bəs hanı o “döyüşkən rus ruhu”? Kaş imkanım olaydı da bunu həmin o urus arvada deyəydim…
27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan Vətən Savaşında şəhidlərimiz, qazilərimiz bizə qürur yaşatdı! Məhz onların hesabına bu gün biz bütün dünyada alnıaçıq, üzüağ gəzə bilirik! Məhz onların canı və qanı hesabına dünya bizi ən ləyaqətli millət kimi qəbul edir! Məhz onların hesabına illər öncə bizə xor baxan rusların özləri belə bizimlə hesablaşır, lap elə yeri gələndə bizə möhtac olur!
Bəs o boyda Avropa? Bu gün Azərbaycan Avropanın ciddi ehtiyac duyduğu bir nömrəli ölkəyə çevrilib! Biz dövlət də olmuşuq, millət kimi də ayaqdayıq! O urus arvadın dediyindən fərqli olaraq Azərbaycan məhz Rusiyadan qopduqdan sonra sürətli inkişaf yolu keçib, özünü təsdiq edib! İndi bizim ölkəmizdəki rus vətəndaşlarımız belə Rusiyadakı ruslardan qat-qat yaxşı və xoşbəxt yaşayır! Məni xor görən həmin urus arvad da sağdırsa, yəqin ki, o da Azərbaycandakı sabitlikdən və rahat həyatdan zövq alır, “nə yaxşı ki, o vaxt çıxıb Rusiyaya getməmişəm” deyib özünə təskinlik verir…
Yazımızın mövzusu 27 Sentyabr Anım Günü idi. Dedik, bir az da yaxın tarixə ekskurs edək, xatirələrimizi çözələyək və indiki gənclər, özəlliklə də rus məktəblərindən əl çəkmək istəməyənlər üçün örnək verək. Bu qüruru bizə yaşadan şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə isə can sağlığı arzu edirik. Siz bizi xar olmaqdan qurtardınız, əziz vətən oğulları!