Son yeniləmə: 26 Sentyabr 2022 18:19
BAYRAQDAR MEDİA – Sentyabrın 26-da Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Dövlət Turizm Agentliyinin rəhbər şəxsləri ilə Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında turizm sahəsində əməkdaşlığın təşviqi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşdə çıxış edən Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Türkiyə ilə əməkdaşlığın Azərbaycanın turizm bazarı üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, iki ölkənin turizm təşkilatları arasında birgə turizm fəaliyyətinin qurulmasının vacib amil olduğunu bildirib. Məlumata əsasən, Assosiasiya sədri daxili turizmin inkişafı və ölkəyə gələn turistlərin sayının artırılması baxımından Türkiyə ilə təcrübə mübadiləsinin aparılmasının gələcək illərdə turizm sektoru üçün müsbət nəticələr verəcəyini deyib.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə isə Azərbaycan ilə Türkiyə arasında turizm sahəsinin inkişafına dair fəaliyyət planına uyğun olaraq birgə işlərin aparıldığını deyib: “K.Quluzadə Agentliyin ikitərəfli əməkdaşlıq çərçivəsində həm Türkiyədən Azərbaycana, həm də Azərbaycandan Türkiyəyə təşkil olunan turist səfərlərinin sayının artırılmasında maraqlı olduğunu qeyd edib”.
Görüşdə çıxış edən Türkiyə Səyahət Agentlikləri Birliyinin rəhbəri Firuz Barbaros Bağlıkaya Türkiyə və Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı üçün həm dövlət, həm də turizm sənayesi təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin mühüm olduğunu bildirib: “TÜRSAB rəhbəri Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə səyahət imkanının olmasının hər iki ölkənin vətəndaşları üçün rahat səfər etmək üstünlüyü yaratdığını qeyd deyib”.
Görüş çərçivəsində qarşılıqlı infoturların və turizmlə bağlı birgə tədbirlərin təşkili, B2B (biznesdən-biznesə) görüşlərin keçirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.