Son yeniləmə: 26 Sentyabr 2022 14:00
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli rus yazıçısı, dramaturq Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 26-da teatrdan məlumat verilib.
Bildirilib ki, mövsümün ilk böyük tamaşasından öncə çıxış edən teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə sentyabr ayının 12-də erməni təxribatı nəticəsində şəhid olmuş Vətən oğullarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib: “M.Ələkbərzadə daha sonra yubiley mövsümündə qarşıda duran yaradıcılıq işləri, təqdim olunacaq tamaşalar və baş tutacaq səfərlər haqqında danışıb”.
Teatrın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov isə çıxışında yeni təmirdən çıxmış teatr salonunda hər kəsi salamlayıb: “N.Kazımov təmir-bərpa işlərindən sonra yeni texnoloji avanadlıqlar və səhnə texnikası ilə təchiz olunmuş teatrda bundan sonra daha gözəl tamaşaların ərsəyə gələcəyini bildirib. Nümayiş olunacaq səhnə əsəri haqqında məlumat verən N.Kazımovun sözlərinə görə Azərbaycan teatr tarixində ilk dəfə müraciət olunan “Qağayı”da tamaşaçılar teatrın tanınmış aktyorları yanaşı, gənc və istedadlı aktyorlarını da görmək imkanı əldə edəcəklər”.
Çıxışdan sonra tamaşa nümayiş etdirilib: “Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova məxsusdur. Tamaşada Əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak ediblər”.