Son yeniləmə: 27 Sentyabr 2022 21:38
Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının yeni üzvləri bəlli oldu, Rəşad Məcid qurumun yeni sədri seçildi
BAYRAQDAR MEDİA – Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirildi. Qeyd edək ki, bu qurultay istər iştirakçıların, istərsə də Mətbuat Şurasının rəhbərliyinə seçilən üzvlərin tərkibi baxımından nəsillərin vəhdəti kimi yadda qaldı. Bu barədə bir qədər sonra.
Hələlik isə qeyd edək ki, qurultayda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi.
Əvvəlki illər ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının Prezident İlham Əliyevə müraciətini oxudu.
Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edildi. Sədarət, Katiblik, Say və Mandat Komissiyalarının yaradılması üçün açıq səsvermə keçirildi və komissiyaların üzvləri təsdiq edildi.
Gündəliyə uyğun olaraq Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Çıxışda qeyd olundu ki, hesabat dövründə Şuraya ümumilikdə 1 min 615 şikayət daxil olub: “İlkin mərhələdə baxılan 1 min 615 məsələdən 963-ü katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına göndərilib. Şikayətlər üzrə komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb, digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib”.
Daha sonra Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənildi.
Qurultay məruzələr ətrafında çıxışlarla davam etdirildi. APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Mətbuat Şurası İdarə Heyətinin üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət, editor.az informasiya portalının rəhbəri Fərid Şahbazlı, “Yeni Çağ” Media Qrupundan Aqil Ələsgər, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli, AzNews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, “Femida” qəzetinin baş redaktoru Etibar Poladlı, “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, Police.az-dan Şəmsəddin Əliyev çıxış edərək həm hesabatlara münasibət bildirdilər, həm də yeni seçiləcək heyətlə bağlı təkliflərini səsləndirdilər.
Çıxışlarda xüsusi olaraq vurğulandı ki, Vətən müharibəsindən sonra yeni reallıqlar və yeni tələblər yaranıb. Mətbuat Şurası da cəmiyyətin digər institutları kimi yeni dövrün çağırışlarına cavab vermək üçün yeniliklərə təkan verməlidir. Bu yeniliklərin bir istiqaməti də yeni seçiləcək rəhbərlikdə, yəni İdarə Heyətində və Nəzarət-Təftiş Komissiyasında yeniliklər etmək, gənc nəslin nümayəndələrinin da seçilməsinə dəstək verməkdən keçir.
Çıxışlardan sonra Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Şuranın Nizamnaməsində dəyişikliklərin edilməsi ilə bağlı təklifləri səsləndirdi. Beləliklə, qurultayda Azərbaycan Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edildi, həmçinin, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi” olaraq dəyişdirildi. Eyni zamanda, Nizamnaməyə “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” bəndi də əlavə olundu.
Daha sonra qurultayda təşlkilati məsələyə baxıldı. Mətbuat Şurası İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyası üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirildi. Nəticədə, Mətbuat Şurasının 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası, 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla 23 nəfərlik İdarə Heyəti formalaşdı.
Məlumat üçün bildirək ki, MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri:
1. Akif Aşırlı
2. Aqil Ələsgər
3. Alqış Musayev
4. Aydın Quliyev
5. Azər Həsrət
6. Hacıbəy Heydərli
7. Elçin Mirzəbəyli
8. Elşad Eyvazlı
9. Niyaz Niftiyev
10. Rauf Arifoğlu
11. Rəşad Məcid
12. Səadət Məmmədova
13. Vüqar Rəhimzadə
14. Vüsalə Mahirqızı
MŞ İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvləri:
15. Bəhruz Məmmədzadə
16. Ceyhun Musaoğlu
17. Fərid Pərdəşünas
18. Əflatun Amaşov
19. Müşfiq Ələsgərli
20. Qulu Məhərrəmli
21. Umud Mirzəyev
22. Vüqar Zifəroğlu
23. Yadigar Məmmədli
Azərbaycan jurnalistlərinin VIII qurultayı çərçivəsində keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi.
Sonda qurultayın qətnaməsi səsə qoyularaq qəbul olundu.
Redaksiyanın qeydi: Məlumat üçün bildirək ki, bu qurultay bir sıra yeniliklərlə yadda qaldı. Ən əsası isə qurultay nəsillərin vəhdəti kimi tarixə düşdü. Mətbuat Şurası İdarə Heyətinin yeni üzvləri arasında Rəşad Məcid, Əflatun Amaşov, Azər Həsrət, Ümid Rəhimoğlu kimi tanınmış simalarla yanaşı, Fərid Pərdəşünas, Aqil Ələsgər, Vüqar Zifəroğlu, Hacıbəy Heydərli kimi yeni, gənc üzvlər də seçildi. Eyni zamanda Nəzarət-Təftiş Komissiyasının da tərkibi dəyişdi. Rey Kərimoğlu, Nadir Azəri, Ələsgər Süleymanov, Tahir Aydınoğlu, Elşən Əliyev komissiyanın yeni üzvləri seçildilər.