BAYRAQDAR MEDİA – Sentyabrın 22-də Cenevrədə “Azərbaycan 2022: Avropa və Asiya üçün enerji mənbəyi və logistika mərkəzi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının (CCIG) təşkilatçılığı, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “SOCAR Trading”in dəstəyi ilə təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 23-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, dəyirmi masada Azərbaycanın İsveçrədə fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Cenevrə Ticarət, Sənaye və Xidmətlər Palatasının direktoru Nathalie Hardyn, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatasının idarəedici direktoru Dorit Sallis, İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz və digər ölkələr üzrə idarəsinin müdiri Seraina Siqron və “SOCAR Trading”in təmsilçisi Tağı Tağızadə mövzu ilə bağlı çıxış ediblər. Məlumata əsasən tədbir çərçivəsində KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İsveçrənin “M&M” şirkəti tərəfindən müvafiq olaraq ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərə, Azərbaycanın investisiya potensialına, logistika və enerji imkanlarına dair təqdimatlar keçirilib: “Həmçinin tədbir çərçivəsində KOBİA, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatası (JCC) və “Swiss Alternative Financing” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb”.