Son yeniləmə: 23 Sentyabr 2022 10:50
Cemal Yanğın: Biz də, azərbaycanlı və türk iş adamları olaraq, Vətənin bütövlüyü uğrunda üzərimizə düşəni etməyə daim hazırıq
BAYRAQDAR MEDİA – “Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) özünün çoxsaylı üzvləri timsalında son günlərdə baş verən döyüşlərdə Vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş zabitlərə, hərbi qulluqçulara və vətəndaşlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Yaralanmış əsgərlərə Allahdan şəfa və tezliklə sağalaraq Vətənin müdafiəsinə dönmələrini diləyirik”.
Bunu ATİB İdarə Heyətinin sədri Cemal Yanğın deyib.
ATİB-dən BAYRAQDAR MEDİA-ya sentyabrın 23-də verilən məlumata görə, C.Yanğın daha sonra “ATİB sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı qəti şəkildə pisləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şərəfli Ordusunun bu təcavüzün qarşısının alınmasındakı fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyir”, – deyib.
C.Yanğın bildirib ki, Ermənistan ilk dəfə deyil ki, Azərbaycana qarşı hərbi təxribata əl atır: “Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən qardaş Türkiyə bütün səviyyələrdə bu xain təcavüzü qətiyyətlə pisləmişdir. Cümhurbaşqanı Recep Tayyip Erdoğanın məsələyə dair çox açıq və sərt bəyanatları bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərmişdir. Sayın R.T.Erdoğanın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı zamanı Azərbaycanı dəstəkləməsi Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsini subut edir və Azərbaycan xalqı tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu dəstəyə görə Türkiyə Cümhurbaşqanına və qardaş Türkiyə xalqına Azərbaycan Türkiyə İş Adamları Birliyi və Azərbaycan xalqı adından təşəkkür edirəm. Biz də, azərbaycanlı və türk iş adamları olaraq, Vətənin bütövlüyü uğrunda üzərimizə düşəni etməyə hazırıq və daim Azərbaycanın yanındayıq. Qarabağ Azərbaycandır!”.