Son yeniləmə: 23 Sentyabr 2022 13:03
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə başlanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 23-də BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildiirilib ki, layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir: “Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda, “Şuşa İli”, Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili nəzərdə tutulub. İstedadlı şagirdlər tərəfindən Vətənimizin dünyaya tanıdılması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, görkəmli ziyalıların şagirdlərlə vətənpərvərlik mövzusunda görüşlərinin keçirilməsi planlaşdırılıb”.
Bundan əlavə, məktəb kitabxanaçılarının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil ediləcək. “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən yaradıcılıq nümunələri və digər layihələrin hazırlanması həyata keçiriləcək.
Məlumata əsasən, Həmçinin layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması da nəzərdə tutulub: “Qeyd edək ki, layihədə ümumi təhsil müəsisələrinin 7-17 yaş arası şagirdləri iştirak edə bilər”.