Son yeniləmə: 22 Sentyabr 2022 14:33
Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının iclası keçirilib
BAYRAQDAR MEDİA – Sentyabrın 21-də İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, tədbir İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı, KOBİA və Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə keçirilib.
Məlumata əsasən, iclasda hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər: “Tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaude Haegi, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, “SOCAR Trading”in prezidenti Məryəm Almaszadə və “İSR Holdinq”in baş icraçı direktoru Rauf Xəlilov ölkələrimiz arasında əməkdaşlığa, palatanın fəaliyyətinə, iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair çıxış ediblər. İsveçrə-Azərbaycan Ticarət və Sənaye Platasının təsis konfransına dair İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr şöbəsinin müdiri və Federal Şuranın Ticarət Sazişlər üzrə Nümayəndəsi, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrəli həmsədri, səfir Ervin Bollinger tərəfindən konfrans iştirakçılarına təbrik məktubu ünvanlanıb. Məktubda Palatanın fəaliyyətinə uğurlar arzu edilib və İsveçrə Hökumətinin dəstəyi ifadə olunub”.
Konfrans çərçivəsində KOBİA tərəfindən ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmlərinə, AZPROMO tərəfindən Azərbaycanın investisiya potensialına, SACCI tərəfindən palatanın interaktiv platformaları və saytına dair təqdimatlar keçirilib: “Sonra palatanın yeni strukturu təsdiqlənib, idarə heyəti və palataya yeni üzvlər seçilib, qarşıdakı dövrdə palata çərçivəsində görüləcək işlər müzakirə edilib, SACCI-yə üzv olan Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib”.