Son yeniləmə: 21 Sentyabr 2022 15:50
BAYRAQDAR MEDİA – Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başlayıb. Varşava Universitetinin ev sahibliyində keçirilən Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Emre İnstitutu, Karaim İrsi Fondu əsas tərəfdaş qismində çıxış ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 21-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.
Bildirilib ki, “Türk Dünyası Araşdırmaları-Multidissiplinar Perspektivlər” adı altında təşkil olunan Konqresdə Fondun prezidenti Günay Əfəndiyeva fəxri qonaq qismində iştirak edib.
Məlumata əsasən, tədbiri giriş sözü ilə açan Varşava Universitetinin prorektoru Zigmunt Lalak, artıq 6-cı dəfədir ki, Polşada təşkil olunan Konqresin əhəmiyyətindən danışıb.
O, tədbirin türk xalqlarının zəngin keçmişinin, tarixinin, dilinin, mədəniyyətinin Avropa və bütün dünyada təbliğ edilməsi istiqamətində böyük rol oynadığını qeyd edib: “Bu xüsusda, Z.Lalak Varşavada toplaşmış türkoloqların xidmətlərini yüksək qiymətləndirirək, Konqresin fəaliyyətinə uğurlar arzu edib.
Tədbirdə çıxış edən Türkiyənin Polşadakı səfiri Cengiz Kamil Fırat Konqresin müzakirə platforması kimi vacibliyindən söz açıb: “Səfir hər bir türkün keçmişlə gələcək arasında körpü qurmasında Türkologiya elminin önəminə toxunaraq, Türkiyənin türk dünyasının qədim irsinin təbliği ilə bağlı layihələrə hər zaman dəstək verdiyini bildirib”.
Tədbirdə çıxış edən G.Əfəndiyeva müasir dövrdə türk mədəni irsinin elmi konseptual səviyyədə araşdırılmasının və bu işə dünya türkoloqlarının cəlb edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Türk dünyası dedikdə əlbəttə, yalnız türk xalqlarının yaşadığı geniş coğrafiya nəzərdə tutulmur. Türk dünyası özlüyündə türk xalqlarının sahib olduğu ortaq tarix, mədəniyyət, ədəbiyyat, dil, adət-ənənələri ehtiva edir. Bunların hər biri türk kimliyini formalaşdıran və onun sütununu təşkil edən amillərdir”.
Türk dünyası və Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin qədim tarixə, dərin köklərə söykəndiyinə toxunan Fondun prezidenti, Polyak xalqının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hər bir üzv ölkəsi ilə bağlılığının olduğunu qeyd edib. O, Polşada türk əsilli milli azlıqlar olan tatarların və karaimlərin yaşadığını vurğulayaraq, onların irsinin qorunmasının təşkilatın maraq dairəsində olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Azərbaycan xalqının türk dünyasına qazandırdığı böyük elmi nailiyyətlərdən bəhs edərək, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay haqqında məlumat verib.
Qazaxıstanın Polşadakı səfiri Alim Kirabayev türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının, siyasətinin Avropada araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, Konqresin Türk xalqları ilə Avropa xalqları arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.
Konqresin açılış mərasimində Varşava Universitetin professoru Tadeusz Majda türkologiya elmi üzrə göstərdiyi xidmətlərinə görə fəxri fərman ilə təltif olunub.
Konqres çərçivəsində keçirilən çoxsaylı panellərdə Türkologiyaya həsr olunan müxtəlif mövzular müzakirə olunur.