Son yeniləmə: 21 Sentyabr 2022 12:51
Məcid Cavadi: Güney Azərbaycanda haqlı olaraq düşünürlər ki, bütün problemlərin həlli azadlıqdan, ədalətin təmin olunmasından və milli hökumətin qurulmasından keçir
BAYRAQDAR MEDİA – “Kürd əsilli Məsiha Əmininin başını düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən döyülərək öldürülməsi İranda növbəti kütləvi aksiyalara səbəb olub. Hesab edirəm ki, xalqın bu cür etiraz etməsinin kökündə dayanan tək bir səbəb M.Əminin öldürülməsi deyil. Ümumilikdə İrandakı iqtisadi və digər sahələrdə böhran sadə vətəndaşları boğaza yığıb. Bu hadisə isə insanların küçələrə çıxaraq öz qəzəbini hökumətə bildiriməsi üçün təkan rolunu oynadı”.
Bunu İrandakı son olayları BAYRAQDAR MEDİA üçün dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Xatırladaq ki, artıq 4-cü gündür İranın Məşhəd, Tehran, Rəşt, İsfahan, Təbriz və digər şəhərlərində kütləvi aksiyalar keçirilir. Yayılan videolardan da göründüyü kimi aksiya iştirakçılarının çıxışları dağıntılarla müşahidə olunur. Artıq polis və aksiyaçılar arasında baş vermiş ixtisaslarda xəsarət alanlar var. Məşhəddə hadisə yerinə gələn polisə və təcili tibbi yardım xidmətinə məxsus olan avtomobil yandırılıb. Artıq İranda etiraz aksiyalarının yatırılması üçün polis atəş açmağa başlayıb.
M.Cavadi bildirib ki, iki-üç gün içərisində İranın xüsusilə də bölgələrində geniş kütləvi etirazların başlanmasının kökündə dayanan əsas səbəb sadə insanların rejimin yarıtmaz idarəçiliyindən təngə gəlməsidir: “Hesab edirəm ki, bu etirazlar getdikcə daha da genişlənəcək. Heç şübhəsiz siyasi tələblər də səsləndiriləcək”.
Siyasi tələblərdən söz düşmüşkən, M.Cavadi qeyd edib ki, artıq bu cür tələblər Güney Azərbaycanın şəhərlərində səslənir: “Təbriz, Ərdəbil, Zəncan, Urmiyada keçirilən genişmiqyaslı etirazlarda xalq öz qəzəbini ifadə edir. Təbrizdə digər şüarlarla yanaşı “Azadlıq”, “Ədalət”, “Milli hökumət” şüarları səsləndirilir. Təbii ki, bu da gözlənilən idi. Çünki artıq xeyli vaxtdır deyirik, hətta BAYRAQDAR MEDİA ilə vasitəsilə də bəyan edirik ki, fars-molla rejimi milli bölgələrə, xüsusilə də Güney Azərbaycana qısqanc münasibət göstərir, bu bölgələr demək olar ki, taleyin ümidinə buraxılıb. Heç bir sosial, iqtisadi dəstək göstərilmir. Bu azmış kimi Güney Azərbaycanı, Təbrizi hədəfə alan hədyanlar səsləndirilir. Bu gün Güney Azərbaycan türkləri bu şüarları səsləndirirlərsə bunun əsas səbəbkarı İranın fars-molla rejimidir”.
Müsahibimiz qeyd edib ki, Güney Azərbaycan türkləri öz milli müqəddaratını təmin etmək üçün ayağa qalxıblar: “Güney Azərbaycanda haqlı olaraq düşünürlər ki, bütün problemlərin həlli azadlıqdan, ədalətin təmin olunmasından və milli hökumətin qurulmasından keçir. Yəni, bu gün Güney Azərbaycan ortaq problemlərin həllini tələb etməklə yanaşı öz milli davasını da aparır. Özü də bu, hazırda daha qətiyyətli şəkildə aparılır”.