Press "Enter" to skip to content

140 üzv təşkilat iştirakını təsdiqləyib

Mətbuat Şurası

Son yeniləmə: 21 Sentyabr 2022 10:09

BAYRAQDAR MEDİA – Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası olub.

Mətbuat Şurasından bildirilib ki, iclasda Şuraya üzv təşkilatlar qurumun İdarə Heyətinə namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrin irəli sürülməsini başa çatdırıblar: “2022-ci il sentyabrın 7-dən başlayaraq icra olunmuş bu fəaliyyət çərçivəsində onlara Mətbuat Şurasının “presscouncil.az” saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölməsinə daxil olaraq iki anketlə tanışlıq imkanı yaradılıb. Üzv təşkilatlar anketlərdən birinə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını yazıblar. Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən, ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resursları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar”.

Məlumata əsasən, ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib: “Komitə üzv təşkilatların qurultayda iştirakının təşviqi üçün bütün müvafiq maarifləndirmə işlərini gerçəkləşdirib. Mövcud xüsusda həm məlumatlar paylaşılıb, həm də fərdi danışıqlar aparılıb. Bununla yanaşı, müəyyənləşdirilib ki, bir sıra üzv təşkilatların Mətbuat Şurası ilə əlaqələri itib, uzun illərdir illik üzvlük haqqı ödəmirlər, bəziləri fəaliyyətlərini dayandırıblar. İclasda belə qurumların, əsaslı səbəb olmadan qurultaya qatılmayanların Mətbuat Şurasından uzaqlaşdırılması qərara alınıb. Eyni zamanda, onların ali məclisdə iştirak etməmələrinin yetərsay baxımından qiymətləndirilməməsi məqsədəmüvafiq sayılıb”.

Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər: “Həmin şəxslərin 152-nin adı anketlərdə bir, 40-nın adı iki, 18-nin adı üç, 6-nın adı dörd, 3-nün adı beş, 5-nin adı altı, 4-nün adı yeddi, 5-nin adı səkkiz, 5-nin adı doqquz dəfə çəkilib. Adları anketlərə 10-20 aralığında yazılmış namizədlərin sayı 18-dir. Namizədlərin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib. Eyni təşkilatın namizəd anketinə iki və daha artıq şəxsin adını təkrarən yazması hallarına da rast gəlinib ki, bu zaman yalnız bir səs əsas götürülüb. Mətbuat Şurasının Nizamnamə tələbini rəhbər tutan Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Həmin şəxslərin adları Təşkilat Komitəsinin növbəti məlumat yayımında açıqlanacaq”.

Qeyd edilib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcək. Qeydiyyat saat 09:00-dan 10:00-dək aparılacaq. Saat 10:00-da qurultay işə başlayacaq.

Mission News Theme by Compete Themes.