Son yeniləmə: 20 Sentyabr 2022 15:10
Erməni diasporunun Azərbaycanın səfirliklərinə qarşı təcavüz cəhdləri pislənib
BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarının (QHT) müraciəti əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində səfirliklərə qarşı təcavüz və Azərbaycana qarşı artan təzyiqlər barədə müzakirələr keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən BAYRAQDAR MEDİA-ya bildiriblər ki, tədbirdə qurumun Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Məlumata əsasən, tədbirdə çıxış edən İ.İsgəndərov bildirib ki, Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması, həmçinin buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan çəkinmir: “Son günlər səfirliklərə qarşı təcavüzdə ermənilərin növbəti iyrənc əməllərinin nümunəsidir. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir”.
Sonra çıxış edənlər – qeyri-hökumət təşkilatlarının rəhbərləri Rauf Zeyni, Radə Abbas, Tofiq Əli-zadə, Nüşabə Məmmədova, Təranə Hüseynova, Samir Adıgözəlov, Vəli Əlibəyov, Vüqar Qədirov, Mehriban Abdullayeva, Cəsarət Hüseynzadə, İlahə Əliyeva bildiriblər ki, son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur: “Hər birimiz bu sahədə fəal olmalı, dövlətimizin yanında duraraq bu vəhşiliklərin bütün dünyaya çatdırılması istiqamətində təbliğat aparmalıyıq”.
Tədbir qarşılıqlı diskussiya şəkilində davam edib və bu istiqamətində görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb.
Sonda Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin bəyanatı səsləndirilib.