Son yeniləmə: 20 Sentyabr 2022 10:40
BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyəti 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 20-də ASAN xidmətdən məlumat verilib.
Bildirilib ki, qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib: “Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Görüş zamanı nümayəndə heyəti Dövlət Agentliyinin faəliyyət istiqamətləri haqqında müsbət təəssüratını bölüşüb və aidiyyatı sahələr üzrə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Bundan əlavə qonaqlara Dövlət Agentliyi tərəfindən rəqəmsal hökumət, startap ekosistemlərinə dəstək və sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumat verilib. Bununla bağlı Dövlət Agentliyinin Rəqəmsal texnologiyalar və innovasiyalar şöbəsi tərəfindən təqdimat edilib”.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb: “Nümayəndə heyəti Elektron Hökumətin İnkişafı Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub”.