Son yeniləmə: 20 Sentyabr 2022 11:54
BAYRAQDAR MEDİA – “Köhnə çamadanlar” bədii filmi sentyabrın 29-dan Bakının “CinemaPlus” kinoteatrlarında yayımlanacaq. Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production”un birgə layihəsi əsasında “OYUN” inklüziv teatrı tərəfidnən istehsal edilib.
Bu barədə BAYRAQDARAR MEDİA-ya sentyabrın 20-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, film Vətən müharibəsində qazanılan şanlı Qələbəmizə həsr olunub: “İnklüziv kino nümünəsi olan filmin baş sponsorları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “RS Production”, digər sponsorları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və “AK Company”dir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin də qoşulduğu layihə çərçivəsində ərsəyə gələn “Köhnə çamadanlar” filmi yeni inklüziv yaradıcılıq nümunəsidir. 90 nəfərə yaxın heyəti olan filmdə 20-dən çox əlilliyi olan şəxs iştirak edib”.
Məlumata əsasən, tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır: “Sujet xətti Birinci Qarabağ müharibəsindəki hadisələrlə əlaqələndirilən film 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır. Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, baş prodüseri Pərvinə İsmayılovadır. Filmdə xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Nəsibə Eldarova, Şəfəq Əliyeva və Zemfira Əbdülsəmədova və b. çəkilib”.
Vətən müharibəsinin 25 iştirakçısının da iştirak etdiyi film 29 sentyabrdan şəhərimizin “CinemaPlus” kinoteatrlarında nümayiş olunacaq.