Press "Enter" to skip to content

Ermənistan şərtləri qəbul etməlidir

Emin Həsənli

Son yeniləmə: 19 Sentyabr 2022 11:15

Emin Həsənli: Əks halda onun bu regionda mövcudluğu sual altında olacaq

BAYRAQDAR MEDİA – “Ali Baş Komandan İlham Əliyev dəfələrlə demişdi ki, Ermənistan nəticə çıxarmasa, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın! Bir neçə dəfə bəyan etmişdi ki, ermənilər ağıllarını başlarına yığsınlar, yoxsa cəzaları daha sərt olacaq. Ermənilər isə başqa dövlətlərə arxayın olaraq yeni təxribatlar törətdilər və buna adekvat cavab verildi”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib: “Təəssüflər olsun ki, beynəlxalq birlik də bu ölkəni buna məcbur edərək sanksiyalara məruz qoymayıb. Bu il sentyabrın 12-14-də düşmənin növbəti təxribatı 2020-ci ilin Tovuz hadisələri ilə oxşardır. Fərq yalnız ondan ibarətdir ki, bu dəfə Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatı Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdi. O zaman da iki ölkənin dövlət sərhədinin Tovuz istiqamətində genişmiqyaslı təxribatlar törədilmişdi”.

O, qeyd edib ki, Azərbaycan Ordusu Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə alaraq hakim yüksəklikləri nəzarətə götürdü: “İşğalçılara sarsıdıcı zərbə vuraraq Ermənistan ordusunu bir növ cəzalandırdı. Bu, böyük Zəfərdir. Bu, bir tərəfdən Azərbaycan xalqının və Ordusunun gücünün növbəti göstəricisi, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unun və iradəsinin nümayişidir. Digər tərəfdən bu, bir daha onu nümyiş etdirdi ki, Azərbaycan öz milli maraqlarını heç zaman kiməsə güzəştə getməyəcək, Ermənistan ya şərtləri qəbul etməlidir, ya da onun bu regionda mövcudluğu sual altında olacaq”.

E.Həsənli deyib ki, Ermənistan bir an öncə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır:“Lakin bu da son deyil. Düşmən ölkə 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə tarixi-mədəni abidələrimizin dağıdılmasına, mədəni irsimizə qarşı digər soyqırımı faktlarına görə beynəlxalq hüquq qarşısında cavab verməli, Azərbaycana təzminat ödəməlidir. Ümumiyyətlə, Ermənistan Azərbaycanın təklif etdiyi bütün şərtlərlə razılaşmalı, konkret mövqe bildirməlidir. Çünki Azərbaycan xalqı uzun müddət gözləyə bilməz”.

Mission News Theme by Compete Themes.