BAYRAQDAR MEDİA – Arxangelsk şəhəri 31 nömrəli uşaq incəsənət məktəbində M.Maqomayev adına Azərbaycan Musiqi Mədəniyyəti Mərkəzinin təntənəli açılışı olub.
Bununla bağlı məlumatda qeyd edilib ki, açılış “Arxangelsk vilayətinin Azərbaycan diasporu” İctimai Birliyi tərəfindən 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən elan edilmiş “Rusiya xalqlarının mədəni irsi” ilinə və Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib: “Mərkəzin açılışında çıxış edən Arxangelsk vilayətinin Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov deyib ki, 2022-ci il Rusiyada “Rusiya xalqlarının mədəni irsi ili” elan edilib: “Bu çərçivədə bu ilin aprelində Azərbaycan diasporunun dəstəyi ilə M.V.Lomonosov adına Şimali Arktika Federal Universitetində görkəmli geoloq Fərman Salmanovun adını daşıyan elmi laboratoriya açılıb. Bu gün isə Müslüm Maqomayev adına musiqi mərkəzi açılır”.
T.Qasımov xatırladıb ki, sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri dahi bəstəkarlar Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin həyat və yaradıcılığından danışıb. O da vurğulanıb ki, bu il Rusiya və Azərbaycanda Müslüm Maqomayevin 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Tədbirdə həmçinin Arxangelsk vilayətinin parlamentinin vitse-spikeri Aleksandr Dyatlov, millət vəkili Tatyana Sedunova, Arxangelsk vilayətinin İçtimai Palatasının sədr müavini Olqa Fofanova, Arxangelsk şəhər administrasiyasının təhsil departamentinin rəhbəri Nina Flimonova, şəhər mədəniyyət və gənclər idarəsinin direktoru Natalya Zarubina çıxış ediblər. Natiqlər bu layihələrın iki xalq arasında dostluq körpüsünün möhkəmləndirilməsinə xidmət edən amil olduöunu vurğulayıblar.
Tədbirdə məşhur opera müğənnisi, SSRİ və Azərbaycanın Xalq artisti Tamara Sinyavskaya, Azərbaycanın Xalq artisti Emin Ağalarov videotəbrikləri nümayiş olunub.
Mərasimdən sonra keçirilən konsertdə Azərbaycan xalq mahnıları ilə yanaşı, Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.