Meksika mətbuatında Ermənistanın son hərbi təxribatıilə bağlı məlumatlar yayılmaqda davam edir
BAYRAQDAR MEDİA – Meksikanın geniş dinləyici auditoriyasına malik “Kanyon” radiosunda səfri Məmməd Talıbovun müsahibəsi efirə gedib. Səfr Ermənistanın son təxribatları ilə bağlı kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibədə son durumla bağlı danışıb.
Azərbaycanın Meksikadakı Səfirliyndən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir: “Müsahibədə sentyabrın 12-si gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat vəAzərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması barədə məlumat verilib. Eləcə də, bu təxribatın qarşısının alınması zamanı Azərbaycan Ordusunun əsgər və zabitlərinin şəhid olduğu qeyd edilib”.
Səfir Ermənistanın davamlı olaraq bu cür təxribatlara əl atmasının Ermənistan hakimiyyətinin sülh danışıqlarından boyun qaçırmasına dəlalət etdiyini bildirib: “Son iki ay ərzində Ermənistan tərəfindən dəfələrlə hərbi və siyasi təxribatların törədildiyi qeyd olunub. Son olaraq sərhəddə baş verən insidentin təşəbbüskarının Azərbaycan tərəfinin olmadığı, Azərbaycan hərbçiləri tərəfindən Ermənistanın növbəti təxribatına cavab verildiyi vurğulanıb”.
Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparıldığını qeyd edən səfir, həmin ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi üçün xarici investisiyaların cəlb edildiyini, habelə həmin ərazilərdə iri miqyaslı investisiya layihələri həyata keçirildiyini və Azərbaycanın bu sərmayələrin gələcəyini təhlükəyə atacaq hər hansı gərginliyin yaranmasında maraqlı olmadığını söyləyib.
Müsahibədə həmçinin, regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən 5 prinsipin təqdim edildiyi və Azərbaycanın hər zaman sülh danışıqlarına hazır olduğu bildirilib. Bunun üçün isə Ermənistan Azərbaycana qarşı öz ərazi iddialarından əl çəkməlidir.