Press "Enter" to skip to content

Beynəlxalq festivalda “Torpaq” filmi

“Azərbaycan kinosu günləri”nin açılışı

Son yeniləmə: 16 Sentyabr 2022 16:31

BAYRAQDAR MEDİA – Özbəkistanda “İpək Yolu dürdanəsi” XIV Daşkənd Beynəlxalq Film Festivalı başlayıb. Festivalda dünyanın 40 ölkəsindən 500-ə yaxın xarici kino ulduzu, kinematoqrafçılar və media nümayəndələri iştirak edir.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan da bu nüfuzlu kino festivalda təmsil olunan ölkələr sırasındadır: “Festivalın keçirildiyi “Özbəkfilm”də Azərbaycanın nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə 2021-ci ildə özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutulan memorandumun nəticələri müzakirə olunub. Qeyd edilib ki, memoranduma Xalq artisti, kinorejissor Vaqif Mustafayevin müəllifi olduğu “Molla Nəsrəddin və yaxud çətin günlərimin dostu” kinolayihəsi yaxın gələcəkdə istehsalata buraxılacaq. “Azərbaycanfilm”in direktoru Nazim Hüseynov, Əməkdar incəsənət xadimi Ayaz Salayev iki ölkə arasında mədəni əlaqələrin inkişafında kino sahəsinin önəmindən söz açıblar”.

Məlumata əsasən, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “İpək Yolu dürdanəsi” XIV Daşkənd kinofestivalı çərçivəsində Daşkənd və Buxara şəhərlərində keçiriləcək “Azərbaycan kinosu günləri”nin açılışı olub: “Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə və şəhidlər bağına əklil və çiçək dəstələri düzüblər”.

Qeyd edilib ki, “Azərbaycan kinosu günləri”nin açılışı qardaş ölkədə böyük maraqla qarşılanıb, tədbirdə Özbəkistanın mədəniyyət, incəsənət ictimaiyyəti, yerli azərbaycanlılar, çoxsaylı təhsil müəssisələrinin müəllim və tələbələri, mətbuat nümayəndələri iştirak ediblər: “İlk öncə Ermənistanın son günlər Azərbaycanla sərhəddə təxribatı nəticəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdiyini, Prezident İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib. O, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrdən danışaraq, həm ötən il, həm də bu il Özbəkistanda keçirilən beynəlxalq kinofestivalda Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin geniş təmsil olunduğunu, Azərbaycan kinolarının Özbəkistanda böyük maraq və sevgi ilə qarşılandığını söyləyib”.

Diplomat 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının 2020-ci ildə Azərbaycan ordusunun şücaəti, Ali Baş komandanımızın müdrik siyasəti nəticəsində azad olunduğunu və bu gun kinomuzun azad Qarabağımızdan, Şərqi Zəngəzurumuzdan filmlər yaratmasının qürurverici olduğunu qeyd edib.

“Ozbəkkino Milli Agentliyi”nin rəsmisi, “Gənclik” kinostudiyasının rəhbəri Adxam Nurkulov ölkədə son vaxtlar kinematoqrafçılara yaradılan şərait haqqında məlumat verib, Özbəkistanda keçirilən kinofestivaldan, Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqdan danışıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti Gülyanaq Məmmədova Özbəkistanın Xalq artisti adına layiq görüldüyü üçün özbək xalqına və dövlət başçısı Şavkat Mirziyoyevə minnətdarlıq edib, Festivalın işinə uğurlar arzulayıb.

Daha sonra filmlərin nümayişinə başlanılıb. Kinorejissorlar Ayaz Salayevin “Torpaq” və İlqar Nəcəfin “Suğra və onun oğulları” filmləri nümayiş etdirilib. Hər iki rejissor yaradılan filmlər haqqında danışaraq, filmlərə dair öz fikirlərini bölüşüblər: “Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Torpaq” filmində azərbaycanlıların öz ata-baba yurdlarından qovulması, deportasiyası, onların acı xatirələri, tarixi faktlar öz əksini tapır. Digər “Suğra və onun oğulları” filmi də nümayiş olunub. İkinci dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmdə sevgi və nifrətlə dolu həyat öz əksini tapıb”.

Qeyd edək ki, Beynəlxalq Kino Festivalın davamı olaraq 17 sentyabr tarixində Azərbaycan filmləri Buxara şəhərində nümayiş olunacaqdır.

Mission News Theme by Compete Themes.