Press "Enter" to skip to content

Türk dünyası tarixinin ən şərəfli səhifələrindən biri

Hulusi Kılıç

Son yeniləmə: 15 Sentyabr 2022 11:31

Hulusi Kılıç: Türkiyə 104 il öncə olduğu kimi, bu gün də can Azərbaycanın yanındadır

BAYRAQDAR MEDİA – “104 il əvvəl Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşları ilə birlikdə Bakını işğaldan azad etməsi həm Azərbaycan, həm də ümumilikdə türk dünyası tarixinin ən şərəfli səhifələrindən biridir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Nuru paşa
Nuru Paşa

O, qeyd edib ki, Bakının daşnak-bolşevik işğalından azad olunması sıradan bir hadisə deyildi: “Düz 104 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Bakı düşmən işğalından azad edildi. Bu, sıradan bir hadisə deyil, tarixə qızıl hərflərlə yazılan və Bakıya Azərbaycanın əbədi paytaxtı olmaq xoşbəxtliyini nəsib edən bir qəhrəmanlıq dastanıdır”.

15 sentyabrda baş verən tarixi hadisənin bütün sahələrdə mühüm əhəmiyyət kəsb etdiyini deyən H.Kılıç, “əvvəla qeyd edim ki, həmin vaxt Bakının azad edilməsi əhəmiyyətinə görə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə idi. Çünki Bakı təkcə düşmənlərdən azad edilmədi, eyni zamanda yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın əzəli və əbədi paytaxtı olmaq statusunu qazandı. Özü də bu, Azərbaycan və türk xalqlarının qəhrəman övladlarının qanı bahasına mümkün oldu. Tarixdən də bəlli olduğu kimi, həmin vaxt həm Qərb imperialistlərinin, həm də Rusiyanın Bakını Azərbaycandan ayırmaq, ayrı bir sənaye şəhəri etmək planları var idi. Lakin Qafqaz İslam Ordusunun misilsiz şücaəti nəticəsində bu məkrli plan alt-üst oldu” sözlərini əlavə edib.

Qafqaz İslam Ordusunun Bakıya daxil olması
Qafqaz İslam Ordusunun Bakıya daxil olması

O da qeyd olunub ki, 15 sentyabr qəhrəmanlığı öz gücünü iki qardaş xalqın tarixin dərinliklərinə qədər uzanan əlaqələrindən, birliyindən alırdı: “Bəlli olduğu kimi, Qafqaz İslam Ordusunun 1918-ci ildə qardaş Azərbaycana köməyə gəlməsi ilk növbədə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının ifadəsi idi. Həmin vaxt ağır durumda olmasına baxmayaraq, Osmanlının Azərbaycanın xilası üçün əsgər göndərmək qərarı da bu qardaşlıqdan güc almışdı. Onu da deyim ki, ötən müddət ərzində baş verənlər, o cümlədən 2020-ci ildəki 44 günlük müharibənin ilk saatlarından Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək, həmçinin 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Müsahibimiz vurğulayıb ki, bu qardaşlıq bu gün daha da inkişaf edir və dünyaya örnək kimi göstərilir: “Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də törətdiyi genişmiqyaslı hərbi təxribatlardan sonra da Türkiyənin qardaş Azərbaycanın yanında olduğunu bəyan etməsi, sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın “Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq” sözləri də bu qardaşlığın sarsılmazlığının növbəti təzahürüdür. Bir sözlə, Türkiyə 104 il öncə olduğu kimi, bu gün də can Azərbaycanın yanındadır”.

Mission News Theme by Compete Themes.